2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edəcək "Sabah” komandasının baş məşqçisi Elşad Əhmədov "Report”un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Türkiyə toplanışını başa vuraraq, Bakıya döndünüz. Hazırlıq prosesini necə dəyərləndirirsiniz?
- Boluda 4 yoxlama oyunu keçirməyi planlaşdırmışdıq. Düşünürdük ki, 2 Türkiyə, 2 başqa ölkə təmsilçisi ilə oynayaq. Lakin bütün matçları yerli komandalara qarşı keçirməli olduq. Hazırlıq müddətində "Giresunspor” (1:1), "Osmanlıspor” (1:1), "Sancaktepe Bələdiyyəspor” (2:2) və "Alanyaspor”la (1:1) qarşılaşdıq və bütün görüşlər heç-heçə başa çatdı. Ümumi götürsək, toplanışdan razı qaldım. Futbolçularımızın istəkli olması, xarakter göstərməsi bizi qane edir. Əlbəttə, çatışmazlıqlar da var. Çempionatın startına qədər onları da aradan qaldırmağa çalışacağıq.
- Artıq əsas heyəti müəyyənləşdirmisiniz?
- Bəli, 80 – 85 faiz müəyyənləşdirmişəm. Yoxlama matçlarında bütün futbolçulara şans verdik, qarışıq heyətlə oynadıq. Ancaq gedişatda "11-liy”i də böyük ölçüdə müəyyənləşdirdik.
- İstədiyiniz transferləri həyata keçirə bildiniz?
- Tam olmasa da, transferlərdən razıyıq. Vaxtımız az olduğu üçün bəzi çatışmazlıqlar var.
- Bundan sonra transfer olacaq?
- Bizə bir mərkəz hücumçusu lazımdır. Hazırda variantları gözdən keçiririk. Balkan ölkələri və Afrikadan olmaqla, 4 nəfərə baxırıq. Onlardan birini seçəcəyik.
- "Sabah” vaxtı ilə "Neftçi”də çıxış etmiş Saşa Stamenkoviç və Erik Ramos kimi yaşlı oyunçuları transfer etdiyi üçün tənqidlə üzləşdi. Bu barədə nə deyə bilərsiniz?
- Premyer Liqadakı il mövsümümüz olduğu üçün tanıdığım legionerlərə üstünlük vermək istəyirəm. "Neftçi”də çalışdığım dönəmdən hər ikisinə yaxşı bələdəm. Əcnəbi futbolçunu 3 – 5 gün izləyib, komandaya götürməyin tərəfdarı deyiləm. Həm Ramosdan, həm də Stamenkoviçdən tap razıyam. Saşa ikinci cavanlığını yaşayır. Qapıçı üçün 33 yaş nədir ki? Buffon 40 yaşında PSJ ilə müqavilə bağlayır.
- Yeri gəlmişkən, xorvatiyalı Yosip Baliçlə 2 illik müqavilə bağlasanız da, 2 həftə sonra onunla vidalaşdınız. Sizi bu cür addım atmağa nə sövq etdi?
- Baliçi görüntülərə əsasən bəyənib, komandaya götürmüşdüm. Onun "InStat” proqramı vasitəsi izləyib, gətirmişdik. Lakin onun məşqlərdəki davranışı, işə yanaşması ürəyimcə olmadı. Futbolçunun ümumi dözümlülüyünü yalnız məşqlərdə görə bilərdim. Bu cür göstəriciləri isə bizi qane etmədi. Legioner dayaq yarımmüdafiəçisi məşqdə 6 min metri 3-cü qrupda qaçacaqsa, onu niyə saxlayım? Yerlilərdən zəif olan əcnəbini komandada saxlamağın mənası yoxdur.
- Hansı sistemlə oynayacağınızı dəqiqləşdirmisiniz?
- Dördlü müdafiə ilə çıxış edəcəyik. Matçlardan asılı olaraq, 4-1-4-1, 4-2-3-1 və ya 4-3-2-1 sxemindən istifadə edəcəyik. Bunların arasında elə də böyük fərq yoxdur. Oyunumuzu rəqibə uyğun qurmayacağıq. Öz futbolumuzu sərgiləməyə çalışacağıq.
- İlk turda "Keşlə”nin qonağı olacaqsınız. Avqustun 11-dək yoxlama oyunu keçirəcəksiniz?
- Bəli, avqustun 5-də yoxlama oyunu nəzərdə tutumuşuq. Rəqib axtarırıq. Paralel olaraq, ilk rəqibimiz "Keşlə”ni analiz edirik.