Latviyalı baş hakim Andris Treymanis ardıcıl ikinci dəfə Azərbaycan və Belarus komandalarının görüşünü idarə edəcək.
33 yaşlı FİFA referisi bu dəfə BATE və "Qarabağ" komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa təyinat alıb. O, avqustun 14-də "Borisov Arena"da təşkil olunacaq qarşılaşmada fit çalacaq. Treymanis son olaraq, martın 23-də Azərbaycan və Belarus yığmaları arasındakı yoldaşlıq matçında iş başında olub. Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüşdə qonaqlar qələbə qazanıb - 1:0. Milliyə "Qarabağ"dan dəvət almış Maksim Medvedev 42-ci dəqiqədə topu öz qapısına göndərib. Baş hakim hər komandadan 2 futbolçuya sarı vərəqə göstərib. Meydan sahiblərindən 49-cu dəqiqədə Şəhriyar Rəhimov, 67-ci dəqiqədə sabiq "Qarabağ"lı Riçard Almeyda, qonaqlardan 60-cı dəqiqədə Maksim Volodko ilə 90+1-ci dəqiqədə Stanislav Draqun cəzalanıb. Həm Volodko, həm də Draqun BATE-nin futbolçularıdır və hər ikisi ilk matçda Ağdam komandasına qarşı start heyətdə çıxış edib. Üstəlik, Draqun 36-cı dəqiqədə yeganə qolun müəllifi olub.
Ümumiyyətlə, Treymanis 16 mart 1985-ci ildə anadan olub. 2011-ci ildən beynəlxalq dərəcəyə malik referi rus, ingilis və alman dillərini də bilir. O, hüquqşünas olsa da, boks, basketbol və musiqi ilə maraqlanır.
Treymanisin ilk beynəlxalq oyunu da Azərbaycan və Belarus təmsilçilərinin iştirakı ilə olub. 2011-ci il iyunun 30-da Bakıda keçirilmiş "Olimpik-Şüvəlan" - "Minsk" matçında 1:1 hesablı heç-heçə qeydə alınsa da, mərhələni cavab görüşündə 2:1 hesabı ilə qalib gələn rəqib komanda keçib.
Latviyalı referi əvvəllər BATE-nin oyununa təyinat alsa da, "Qarabağ"ın iştirakçı olduğu görüşdə ilk dəfə yer alacaq. Treymanisin Azərbaycan və Belarus komandalarının iştirakı ilə ayrı-ayrılıqda idarə etdiyi oyunların siyahısı:
U-17 Avropa çempionatı, seçmə mərhələ
25 10 2011 Xorvatiya - Azərbaycan - 1:2
30 10 2011 Azərbaycan - Ukrayna - 0:0
Avropa Liqası, 2012-2013 mövsümü, təsnifat mərhələsi
03 07 2012 "Vikinqur" (Farer adaları) - "Qomel" - 0:6
U-21 Avropa çempionatı, seçmə mərhələ
03 09 2014. Azərbaycan - İsrail - 3:0
Çempionlar Liqası, 2016-2017 mövsümü
12 07 2016. BATE (Belarus) - "Seynyayyoki" (Finlandiya) - 2:0
DÇ-2018-in seçmə mərhələsi
08 10 2017. Almaniya - Azərbaycan - 5:1
Qeyd edək ki, Andris Treymanis indiyədək 50 beynəlxalq oyun idarə edib. Onların 15-də meydan sahibləri 15, qonaqlar 9 penalti qazanıb. Bundan başqa evdə çıxış edənlər 2 qırmızı, 69 sarı, səfərdə oynayanlar 3 qırmızı, 92 sarı vərəqə alıblar.