"Neftçi" klubunun futbolçusu Tural Axundov klubun rəsmi saytına müsahibə verib.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Sumqayıt”la oyundan sonra iki gün istirahət etdiniz. Artıq növbəti matça hazırlaşırsınız. Əvvəlcə şənbə günü keçirilmiş görüşlə bağlı nə deyə bilərsiniz?
- Oyun bizim üçün çətin alınsa da, əsas qələbə qazanmaq idi. Şadam ki, buna nail olduq.
- Düzdür, üç xal qazanılsa da, amma komandanın göstərdiyi oyun heç də birmənalı təsir bağışlamadı...
- Razıyam. Bunu həm futbolçular, həm də məşqçi deyir. Fikrimcə, səbəb psixoloji vəziyyətimizlə bağlı deyil. Ola bilsin ki, kimdəsə start həyəcanı oldu. Yenə deyirəm, əsas odur ki, məqsədimizə çatıb 3 xalı əldə etdik. Oyunumuzu getdikcə yaxşılaşdıracağıq.
- İki fərqli mövqedə çıxış etdiniz. Matça müdafiənin sağ cinahında başlasanız da, sonradan dayaq yarımmüdafiəçi zonasına göndərildiniz. Hansı mövqe sizin üçün daha rahatdır?
- Təbii ki, cinahda oynamaq daha rahatdır. Amma müasir futbolda hər bir futbolçu istənilən mövqedə oynamağa hazır olmalıdır. Zəmanə bunu tələb edir.
- Hesabınıza iki məhsuldar ötürmə yazdırdınız...
- Bəli, karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim. Əla bir hissdir. Hər futbolçu qol vurmaq istəsə də, həlledici ötürməni verməyin xüsusi bir ləzzəti var.
- "Qəbələ”yə qarşı oyun barədə nə deyə bilərsiniz?
- Meydana qələbə üçün çıxacağıq. Azərbaycan Premyer Liqasında ilk ev oyunumuz olacaq. Düzdür, görüşün "Bakcell Arena”da yox, Mərdəkanda – "Dalğa Arena”da keçiriləcəyi, bəlkə də, azarkeşlərin sayına mənfi təsir edəcək. Bununla belə, inanıram ki, azarkeşlərimiz bizi həmişəki kimi dəstəkləyəcək. Biz onlara, onlar isə bizə inanmalıdır.