"Qarabağ" klubu tarixində 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi bu dəfə pley-off mərhələsində Moldova "Şerif"ini mübarizədən kənarlaşdırıb. Ötən həftə səfər matçında 0:1 hesabı ilə uduzan Ağdam komandası bu gün Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşündə rəqibini darmadağın edib - 3:0. Hesabı artıq 9-cu dəqiqədə Abdullah Zubirin ötürməsindən sonra Maksim Medvedev açıb. 42-ci dəqiqədə künc zərbəsindən sonra Donald Gerrye başla topu tora göndərib. Matçda son nöqtəni isə 55-ci dəqiqədə Filip Ozobiç vurub.
Bununla da "Qarabağ" ardıcıl beşinci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.
------------------------
Bu gün "Qarabağ” komandası Avropa Liqasında qrup mərhələsinə vəsiqə uğrunda həlledici oyuna çıxacaq.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi Moldova "Şerif”i ilə pley-off mərhələsinin cavab görüşündə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda lazımi nəticəni təmin edəcək komanda qrupa düşəcək.
Ötən həftə Tiraspolda keçirilmiş ilk matç "Şerif”in 1:0 hesablı qələbəsi ilə yekunlaşdığı üçün rəqib üstün durumdadır. Lakin Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu məğlubiyyətin əvəzini çıxıb, avrokubokda yoluna davam edəcək potensiala malikdir. "Qarabağ” bunu bacararsa, tarixində 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
Azərbaycan təmsilçisinin heyətində Miçel və Dani Kintana zədə üzündən oynamayacaq. Əvəzində qapıçı Hannes Halldorsson, yarımmüdafiəçi Abdullah Zubir və səfər matçını cəzalı olduğu üçün buraxmış İnnosent Emeqara sıraya dönüb. "Şerif"dən isə sarı vərəqə limitini aşan belaruslu yarımmüdafiəçi Yuri Kendış meydana çıxmayacaq.
Qeyd edək ki, "Qarabağ” ötən mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda mübarizə aparıb.
Avropa Liqası
Pley-off mərhələsi
30 avqust
21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 3:0
Qollar: Maksim Medvedev, 9. Donald Gerrye, 42. Filip Ozobiç, 55
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Hakim-inspektor: Yohan Verbist (Belçika)
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1.