"Neftçi”nin futbolçusu Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının VI turunda "Səbail" komandası ilə evdə keçirəcəkləri oyundan əvvəl klubun rəsmi saytının suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Səbail”lə oyundan nə gözləyirsiniz?
- Zəif rəqib yoxdur. Bunu yaxşı anlayırıq. İlk sıralarda möhkəmlənmək istəyiriksə, səhvə yol verməməli, qalib gəlməliyik.
- Hazırda liderliyi "Qarabağ”la bölüşsünüz...
- Düzdür, onlarla xallarımız eynidir. "Səbail” üzərində qələbə qazanıb, liderliyimizi davam etdirməliyik.
- "Səbail”lə indiyədək keçirdiyiniz 4 oyunda 2 qol vurmusunuz. Hazırda "Neftçi”də çıxış edən futbolçular arasında bu rəqibin qapısına ən çox yol tapan futbolçusunuz...
- Düzü, bu məlumatdan xəbərim yox idi. Hər oyunda komandaya faydalı olmağa çalışıram. Fərqi yoxdur: qol vurum və yaxud məhsuldar ötürmə verim. Komandanın nəticə qazanması hər şeydən üstündür.
- Mövsümün əvvəlində əsas heyətə düşməkdə çətinlik çəkirdiniz. İndi isə daha çox şans qazanırsınız. Bunu nə ilə əlaqələndirərdiniz?
- Düzdür, ilk üç oyunda, demək olar ki, iştirak etmədim. Amma bu o demək deyil ki, kiminləsə problemim var. Baş məşqçi ilə münasibətlərim çox yaxşıdır. O, mənə son oyunlarda güvənir. Mən də öz növbəmdə ona və bütün komandaya güvənirəm. Bu cür atmosferdə oynamaq çox xoşdur.