Topaz Premyer Liqasının VI turunda daha bir matç baş tutub.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə son çempion "Qarabağ" debütant "Sabah"ın qonağı olub. Ağdam təmsilçisi 82-ci dəqiqədə Miçel Madeyranın baş zərbəsi ilə vurduğu qolla hesabı açıb. Son nöqtəni isə 88-ci dəqiqədə İnnosent Emeqara qoyub - 2:0.
Qarşılaşmanın 49-cu dəqiqəsində Filip Ozobiç penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Saşa Stamenkoviç dəf edib.
Həftəyə 1-ci pillədə başlayan "Qarabağ" bu qələbə sayəsində xalını 16-ya çatdırsa da, liderliyi əldən verib. Buna səbəb "Neftçi"nin turun açılış matçında "Səbail"i 4 cavabsız qolla məğlub etməsidir. Eyni xala malik "ağ-qaralar" top fərqinə görə zirvəni ələ keçirib. "Sabah" isə hazırda 10 xalla 3-cüdür.
Qeyd edək ki, tura sentyabrın 30-da keçiriləcək "Sumqayıt" - "Zirə" və "Qəbələ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.
------
Topaz Premyer Liqasında VI tura start verilib.
Sportnet.az xəbər verir ki, açılış matçı "Bakcell Arena"da "Neftçi" və "Səbail" komandaları arasında keçirilib.
İnqilab Məmmədovun baş hakimlik etdiyi oyun ev sahiblərinun 4:0 hesabı qələbəsi ilə başa çatıb. İlk qolu meydan sahiblərinin heyətində Frederiko Dario vurub. O, "Səbail" komandasının futbolçusu Jarjue Maudonun səhvindən yararlanaraq 7-ci dəqiqədə hesabı açıb. 25-ci dəqiqədə Baqali Dabo Tural Axundovun ötürməsindən sonra hesabı 2:0 edib. Brazilyalı forvard 42-ci dəqiqədə daha bir qol vurub. 70-ci dəqiqədə isə Dabo Frederikonun ötürməsindən sonra dubl edərək hesabı 4:0 edib.
Bu qələbə ilə xalını 16-a çatdıran "Neftçi" liderliyə yüksəlib. "Səbail" isə topladığı 7 xal ilə 5-ci pillədə qərarlaşıb.
--------------------------------
Bu gün Topaz Premyer Liqasında VI tura start veriləcək. Sportnet.az xəbər verir ki, ilk oyun gününün qarşılaşmaları şərikli liderlərin iştirakı ilə olacaq.
Açılış matçı "Bakcell Arena"da "Neftçi" və "Səbail" arasında keçiriləcək. Bu komandalar indiyədək çempionat oyunlarında 4 dəfə üz-üzə gəliblər. Yalnız ötən mövsüm qarşılaşan paytaxt təmsilçilərinin son 3 oyununda "Neftçi” qalib gəlib. "Ağ-qaralar” ev matçlarında 2 top fərqi ilə qələbə qazanıb. Topların fərqində də flaqmanın üstünlüyü var - 9:2. Hazırda "ağ-qaralar" 13 xalla 2-ci, "Səbail" 7 xalla 5-ci pillədə qərarlaşıb.
"Neftçi" oyuna baş məşqçi Roberto Bordinsiz çıxacaq. İtaliyalı metəxəssis ötən tur "Zirə" ilə görüşdə rəqib baş məşqçi Samir Abasovla mübahisə səbəbindən 1 oyunluq cəzalanıb. Bu gün texniki zonada göstərişləri köməkçi-məşqçi Füzuli Məmmədov verəcək.
"Neftçi" ilə eyni xala malik "Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"la qarşılaşacaq. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər. Ağdam təmsilçisi üçün bu görüş İngiltərə "Arsenal"ı ilə oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçirəcəyi Avropa Liqasının II tur matçı ərəfəsində son sınaq olacaq. 5 oyundan sonra 10 xala malik "Sabah" qalib gəlsə, "Qarabağ"la xallarını bərabərləşdirəcək.
Turun digər iki matçı isə sentyabrın 30-da autsayderlərin iştirakı ilə keçiriləcək. 1 xala malik komandalardan "Keşlə" Qəbələ şəhər stadionunda eyniadlı komandanın, "Zirə" isə "Bayıl Arena"da "Sumqayıt"ın qonağı olacaq.
Topaz Premyer Liqası, VI tur
29 sentyabr (şənbə)
18:55. "Neftçi” – "Səbail" - 4:0
Qollar: Dario Frederiko, 7; 42. Baqali Dabo, 25; 69
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Bakcell Arena”
20:50. "Sabah” – "Qarabağ” - 0:2
Qollar: Miçel Madeyra, 82. İnnosent Emeqara, 88
İstifadə olunmamış penalti: Filip Ozobiç, 49 (qapıçı)
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"Əlincə Arena”.