"Qarabağ"ın futbolçusu Araz Abdullayev səfərdə "Sabah" komandasına 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VI tur oyunundan sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi öncə görüş barədə fikirlərini bölüşüb...
- Ağır oyun oldu. İkinci hissənin sonlarına yaxın qələbə qollarını vurduq. "Sabah" yaxşı komandadır. Çox yaxşı mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik.
- Bu oyunda fərqli mövqedə - mərkəz hücumçusi kimi çıxış etdin. Növbəti görüşlərdə də bunu görə biləcəyik, yoxsa bu, bir oyunluq sınaq idi?
- Baş məşqçi məni hansı mövqedə oynadırsa, orada komandama kömək etməyə çalışıram. Yad mövqe olsa da, özümü doğrultmağa çalışıram.
- Sentyabrda hazır olmadığın üçün milliyə dəvət almamışdın. İndi özünü hazır hiss edirsən?
- Özümü oyundan-oyuna daha yaxşı hiss edirəm.
- Qarşıda sizi "Arsenal"la Avropa Liqasının oyunu gözləyir. Fikirlərin necədir?
- "Arsenal" güclü komandadır. Bizi çətin oyun gözləyir. Öz meydanımızda çıxış edirik, xalqımıza yaxşı oyun göstərmək istəyirik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- "Arsenal" ardıcıl 7 oyundur ki, qələbə qazanır. Bu, sizi qorxurtmur?
- Biz də bir neçə oyundur ki, qələbə qazanırıq. Avroliqada da çalışacağıq ki, əlimizdən gələni edib, yaxşı nəticə qazanaq.
- "Qarabağ"ın düşərgəsində bu oyuna necə yanaşırlar: 1 xal qazanmaq sizin üçün uğurdur, yoxsa əsas məqsəd qrupdan çıxmaqdır?
- Hamı istəyir ki, maksimum nəticə qazanaq. Qrupdan çıxmaq arzusundayıq. Ancaq elə matç olur ki, yaxşı oyun göstərib sonda məğlub olursan və ya pis oynayıb qələbə qazanırsan.