
"Qəbələ"nin futbolçusu Ruslan Əmircanovun Sportnet.az-a müsahibəsi
- Klubunuzun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Fasilə müddətində komanda Qəbələdə hazırlıq keçdi. Oyunda da gördüm ki, fiziki cəhətdən axsaqlıq yoxdur. Bəzi futbol epizodları üzərində çalışmaq lazımdır. Xırda səhvlər ucbatından qapımızda qol görməyək deyə. Demirəm pis çıxış edirik, sadəcə, hardasa boşalırıq, fikrimiz yayınır və nəticədə qapımızda qol görürük. Lənkəranla oyunda da 1:0 irəlidə idiik, gəldi 1:1 bitdi oyun. Pis də oynanamamışdıq. İnşallah, gələcəkdə oyundan-oyuna düzəlişlər edib, buraxılan səhvləri təkrarlamarıq.
- "Qarabağ"la oyun haqda fikirləriniz...
- "Qarabağ"ın qol epizodları bizdən daha çox oldu. Ancaq biz də pis futbol sərgiləmədik. Mendinin vurduğu zərbə dirəyə dəyməyib qol olsaydı, oyunun taleyi başqa cür ola bilərdi. "Qarabağ" güclü komandadır. Ancaq onların da zəif cəhətləri var. Biz də bu zəif nöqtələrdən istifadə edə bilərdik. Lakin qol epizodlarından yararlana bilmədik. Çox zəif oynamadıq. Uşaqlar da baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdılar. Qismətdə məğlubiyyət varmış.
- Penalti epizodlarına münasibətiniz...
- İlk epizodda Maksim Medvedev Mendi pas ötürən zaman onu dartdı. Orada təmiz penalti və qırmızı vərəqə vardı. Ancaq baş hakim Rəhim Həsənov görmədi. İkinci epizoda isə icmalda da baxdım. Deyim ki, bizim futbolçu həqiqətən qəsdən ayağına vurdu, yox, elə də bir şey görə bilmədim. Futbolçu kimi mən belə düşünürəm. Bəlkə də bu epizod "Mançester Yunayted” – "Arsenal” oyununda olsaydı, hakim simulyasıyaya görə sadəcə, sarı vərəqə verərdi. Hardasa ola bilər ki, bir balaca toxunuş olub, amma penaltiyə səbəb olan cərimə deyildi.
- Zədəniz nə vaxta sağalacaq?
- Terapiya vaxtı bitib. Oktyabrın 19-da mən də komanda ilə birgə Qəbələyə gedirəm. Fərdi məşqlərə başlayacağam. Ağrılarım tam keçməyib. Həkim deyir ki, elə ciddi problem yoxdur, məşqə başlaya bilərsən. "Sumqayıt”la oyuna çətinki hazır olam. Amma inşallah, "Araz Naxçıvan”la səfər oyununa çıxa biləcəyəm. Ümid edirəm ki, o vaxta kimi düzələrəm.
- Millinin baş məşqçisi Berti Foqtsun istefasına münasibətiniz...
- Rəhbərlik məşqçi ilə yollarını ayırmaq qərarına gəlib. Mən onların işinə qarışa bilmərəm. Biz futbolçular üçün fərqi yoxdur, baş məşqçi Bertidir, yoxsa Mourinyo. Hələlik Mahmud Qurbanovu qoyublar. Onu da hamı tanıyır. Gəncə klubunda da işləyib, az-çox praktikası var. Futbolçu kimi də Azərbaycanda ən çox titul qazanıb. Eşitdiyimə görə, Norveçlə oyuna komandanı o çıxaracaq.
- Bəli, artıq təsdiqləndi...
- Bu, müsbət haldır. Gənc mütəxəssisə şans verilib. O da çalışacaq ki, komandanı yaxşı tərəfdən hazırlasın. Bəlkə elə onun rəhbərliyi altında komanda daha yaxşı çıxış edəcək. Gələcəkdə yeni kimsə gələr, ya elə Mahmud Qurbanov qalar, onu zaman göstərəcək. Futbolçular da çalışıb, əllərindən gələni edib, ona kömək etməlidirlər. Gənc məşqçi üçün belə ağır məsuliyyət düşüb. Milliyə çağırılacağam, ya yox, bilmirəm. Amma hamımız ona dəstək olmalıyıq.
- Berti Foqts Almaniya mətbuatına müsahibəsində...
- (Sözümü kəsir)... Deyib ki, orda pulu fikirləşirlər? Millidə pulu fikirləşmirlər. Futbolunu oynayırsan, ayın sonunda çağırırlar ki, gəl maaşını al. Yığmada heç fikirləşmirsən ki, pulu nə vaxt verirlər. Məqşçidir, öz fikrini bildirə bilər. Elə adam var, onunla razılaşa bilər, eləsi də var ki, yox. Millidə oynayan futbolçu orada heç vaxt pulu fikirləşməz. Çünki bu komanda Azərbaycanı təmsil edir. Meydanda 9 milyon Azırbaycan xalqını gözün önünə gətirirsən. Bayrağın üçün, millət üçün oynayırsan. Matçdan sonra mükafat verilərsə, bu, futbolçunu sevindirər. Yoxsa çıxıb oynamamış, necə pulu fikirləşmək olar?!
- Siz onun dediyini düz başa düşməmisiniz, Foqts deyib ki, Azərbaycanda oynanılan futbol ancaq pul üçündür. Oyunçular futboldan həzz almır, orda futbolla yaşamırlar. Mən onlara ölkə xaricinə üz tutmağı məsləhət görürdüm. Belə olsaydı, futbolçular Azərbaycanda qazandıqlarının yalnız 1/5 hissəsini əldə edəcəkdilər. Ona görə də heç yerə getmirdilər.
- Xaricdən kimə təklif gəlib ki?! Kim istəyibsə, gedib. Vaqif idi, təklif gəldi, getdi Türkiyəyə. Amit getdi Portuqaliyaya və s. Mənə "Fənərbağça”dan, "Qalatasaray”da təklif gəlməsə, mən öz başına gedə bilərəm? Xaricdən təklif gələ, dəyərləndirib getməmək ağılsızlıq olar. Hər bir futbolçu istəyər ki, gedib xaricdə oynasın, legioner həyatı yaşasın, Azərbaycanı təmsil etsin. O fikirlə mən razı deyiləm ki, gedib xaricdə oynamaq istəmirlər.
- Millinin uğursuzluqlarında günahın neçə faizi məşqçidə, nə qədəri futbolçulardadır? Bizdə niyə uğursuzluqlarda ancaq Foqtsu günahlandırırdılar, ancaq onu istefaya səsləyirdilər, niyə ancaq futbolçular ittiham olunmurdu?
- Bütün günahları Foqtsun boynuna atmaq lazım deyil. Məşqçi, sadəcə, oyunun quruluşunu deyir, çıxıb meydançada oynamır. Oynayan biz futbolçularıq. Amma at məşqçinin üstünə ki, ondadır günah, bu, düz deyil. Futbolçuların da günahı var, məşqçinin də. Tək kiminsə üstünə günahı yıxmaq düzgün deyil.
- Sizcə, milliyə yerli məşqçi daha çox xeyir verə bilər, yoxsa əcnəbi?
- İndi yerliyə şans verilib. O, özünü yaxşı tərəfdən göstərdikdən sonra hec əcnəbiyə ehtiyac yoxdur.
Röya KƏRİMLİ