Topaz Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, çempion "Qarabağ" debütant "Sabah" komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol fasilə ərəfəsində vurulub. 44-cü dəqiqədə Elgün Nəbiyev "Qarabağ" müdafiəçilərinin səhvindən sonra qapıçı Şahrudin Məhəmmədəliyevlə təkbətək çıxaraq, hesabı açıb. 45+1-ci dəqiqədə isə Yakub Jezniçak künc zərbəsindən sonra bərabərlik qoluna imza atıb.
İkinci hissədə "Qarabağ" ardıcıl hücumlar etsə də, qələbə topunu vura bilməyib.
Bu heç-heçədən sonra xallarını 24-ə çatdıran "Qarabağ" 2-ci, 17 xala malik "Sabah" isə 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" səfərdə "Keşlə"yə qalib gəlib - 2:1. Tura noyabrın 25-də "Səbail" - "Neftçi" və "Zirə" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.
----------------------
Topaz Premyer Liqasında XII tura start verilib.
Sportnet.az xəbər verir ki, turun açılış matçında "Keşlə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi oyun "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 17-ci dəqiqədə "Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyi hesabı açıb. 3 dəqiqə sonra Təmkin Xəlilzadənin ötürməsini Voyislav Stankoviç başla qapıya göndərib və hesabı artırıb. Bundan sonra hücumlarının kəsərini artıran meydan sahibləri 38-ci dəqiqədə Amil Yunanovun qolu ilə hesab arasındakı fərqi azaldıb - 1:2
İlk hissə bu hesabla başa çatıb.
İkinci hissə komandaların qarşılıqlı hücumları ilə keçib. Amma hesab dəyişməyib.
Bu nəticədən sonra "Qəbələ" xallarının sayını 15-ə çatdırıb və 5-ci pillədəki yerini qoruyub. 12 oyundan sonra 9 xal toplayan "Keşlə" isə 7-ci pillədədir.
Qeyd edək ki, günün növbəti matçı "Qarabağ"la "Sabah" arasında keçiriləcək. Tura isə noyabrın 25-də "Səbail" - "Neftçi" və "Zirə" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.
------------------
Bu gün Topaz Premyer Liqasında XII tura start veriləcək.
Sportnet.az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında "Keşlə" doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq.
Bu komandalar Azərbaycan çempionatları tarixində 41 dəfə üz-üzə gəliblər. Bunların 14-də meydan sahibləri, 11-də isə əyalət təmsilçisi qələbəyə sevinib. 16 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də paytaxt klubu öndədir - 52:41.
Komandalar arasında son üç çempionat oyununda eyni - 1:1 hesablı heç-heçə qeydə alınıb. "Qəbələ" rəqibinə qarşı 8 çempionat oyununda meydanı qolsuz tərk etməyibsə, "Keşlə" 12 matçında əyalət təmsilçisinə qalib gələ bilmir.
Komandalar arasındakı ilk dövrədəki matç bərabərliklə yekunlaşıb - 1:1. Hazırda "Qəbələ" turnir cədvəlində 12 xalla 5-ci, "Keşlə" isə 9 xalla 7-ci pillədə qərarlaşıb.
Günün digər matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. "Qarabağ" Premyer Liqanın debütantı "Sabah"ın müqavimətini qırmağa çalışacaq. Komandalar arasındakı yeganə matç ilk dövrədə reallaşıb. Ağdam klubu səfərdə rəqibini 2:0 hesabı ilə üstələyib. "Qarabağ" 23 xalla 2-ci, "Sabah" isə 16 xalla 4-cü yerdədir.
Topaz Premyer Liqası, XII tur
24 noyabr (şənbə)
16:30. "Keşlə” – "Qəbələ” - 1:2
Qollar: Amil Yunanov, 38 - Ceyms Adeniyi, 17. Voislav Stankoviç, 20
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASK Arena”
İlk dövrə - 1:1
19:00. "Qarabağ” – "Sabah” - 1:1
Qollar: Yakub Jezniçak, 45+1 - Elgün Nəbiyev, 44
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk dövrə - 2:0
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyun ilə yekun vurulacaq. "Səbail" "Neftçi"ni, "Zirə" isə "Sumqayıt"ı qəbul edəcək.