1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" "Arsenal"a uduzdu - YENİLƏNDİ
"Qarabağ" komandası Avropa Liqasında qrup mərhələsinin son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərənin paytaxtı Londonda "Arsenal"ın qonağı olub. "Emirates" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 17-ci dəqiqədə çoxgedişli kombinasiyadan sonra Aleksandr Lyakazet vurub.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə 5-li müdafiə taktikasına üstünlük verib. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqov, Yakub Jezniçak və Bədavi Hüseynov, cinahlarda Maksim Medvedevlə Donald Gerrye yer alıb. Orta sahədə Qara Qarayev, Miçel və Simeon Slavçev, hücumda isə Abdullah Zubirlə Mahir Mədətov çıxış edib.
"Arsenal"ın baş məşqçisi Unay Emeri isə "11-lik"də təcrübəli futbolçu kimi zədədən dönən Loran Koselni, Məsut Özil və Aleksandr Lyakazetlə yanaşı, gənclərə şans verib.
Matç meydan sahiblərinin ərazi üstünlüyü şəraitində keçsə də, qonaqlar hesabın böyüməsinə imkan verməyiblər.
Bu məğlubiyyətdən sonra "Qarabağ" 3 xalla E qrupunu sonuncu pillədə başa vurub. Portuqaliyada "Sportinq"ə 0:3 hesabı ilə uduzan Ukrayna "Vorskla"sı da eyni xal toplayıb. Lakin Poltava təmsilçisi daha üstün top fərqinə görə 3-cü olub. "Arsenal" 16 xalla 1-ci, "Sportinq" 13 xalla 2-ci yeri tutaraq, 1/16 finala yüksəlib.
-----------------
Bu gün "Qarabağ” 2018/2019 avrokubok mövsümündə sonuncu oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin axırıncı – VI turunda İngiltərədə "Arsenal”ın qonağı olacaq. Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya "Sportinq”i 1/16 finala vəsiqəni təmin etdiyindən, görüş formal xarakter daşıyır.
2017/2018 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan "Qarabağ” Çemionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Sloveniya "Olimpiya”sını (0:0, 1:0), ardınca Albaniyanın "Kukesi” komandasını mübarizədən kənarlaşdırıb (0:0, 3:0). Ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olan "köhlən atlar”ın bu dəfə qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib (0:1, 1:1). Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif” kollektivindən güclü olan (0:1, 3:0) "Qarabağ” qrupa vəsiqə qazanıb.
Ağdamlıların "Arsenal” ilə Bakı Olimpiya Stadionundakı görüşü II tura təsadüf edib. Oktyabrın 4-də keçirilmiş oyunda "topçular” Sokratis Papastatopulos, İmil Smit-Rou və Matteo Genduzinin qolları ilə qalib gəliblər.
"Qarabağ” həmçinin "Sportinq”ə hər iki görüşdə uduzub (0:2, 1:6). Ukrayna "Vorskla”sı ilə duellərdə isə komandalar bir-birilərini səfərdə tək qolla məğlub ediblər. "Arsenal” isə poltavalıları hər iki oyunda üstələməklə yanaşı (4:2, 3:0), "Sportinq”dən yalnız səfərdə güclü olub (1:0, 0:0).
"Topçular” cari mövsümə qədər heç vaxt Azərbaycan komandaları ilə qarşılaşmayıb. "Qarabağ” isə İngiltərə təmsilçilərinə qarşı daha əvvəl keçirdiyi 4 oyunun hamısında uduzub. Q.Qurbanovun rəhbərlik etdiyi kollektiv 2015/2016 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Tottenhem”ə (0:1, 1:3), ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrupunda isə "Çelsi”yə məğlub olub (0:6, 0:4).
London təmsilçisi 2017/2018 mövsümündə Premyer Liqada 6-cı yeri tutub və qrupa birbaşa vəsiqə əldə edib. Ardıcıl 19 il ÇL-də çıxış edən "Arsenal” ötən mövsüm Avropa Liqası adlanan turnirdə debüt edib və yarımfinala qədər irəliləyib. Burada isə yarışın qalibi olan İspaniya "Atletiko”suna uduzub (1:1, 0:1).
"Arsenal”da Rob Holdinq cəzalı, Şkodran Mustafi, Konstantinos Mavropanos, Naço Monreal və Denni Uelbek zədəlidir. "Qarabağ”da isə uzun müddətə sıradan çıxan İnnosent Emeqara xaric hər kəs meydana çıxmağa hazırdır.
Matç formal xarakter daşısa da, "Qarabağ” qrup sonuncusu olmamaq üçün səy göstərməlidir. Hazırda Ağdam komandası "Vorskla” ilə eyni – 3 xala malik olsa da, ukraynalılar top fərqinə görə öndədirlər. Poltava təmsilçisi 4 top vurub, 6 qol buraxdığı halda, Azərbaycan çempionu qapısında 12 qol görüb və cəmi 2 dəfə fərqlənib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, VI tur
13 dekabr
00:00. "Arsenal” (London, İngiltərə) - "Qarabağ” (Ağdam, Azərbaycan) - 1:0
Qol: Aleksandr Lyakazet, 17
Baş hakim: Yens Moe
Yan xətt hakimləri: Lars Hummelqor, Heyne Serensen
Əlavə köməkçilər: Yorgen Burxardt, Morten Kroq
Dördüncü hakim: Esper Dal (hakimlər briqadası Danimarkadandır)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Styrbjörn Oskarsson (Finlandiya)
London. "Emireyts” stadionu
Xal durum: "Arsenal” – 13, "Sportinq” – 10, "Vorskla” - 3, "Qarabağ” – 3.