"Bu oyunun nə qədər vacib olduğunu demək istəyirəm. Çünki qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyirdk. Buna görə də qələbə bizim üçün mox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyildi. Sonuncu yerə layiq olmayan komandayıq. İnanıram ki, bu, qışdan sonra oyunumuzla təsdiqini tapacaq. Bu gün bizdə çemodan əhval-ruhiyyəsi yox idi".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Səbail"i 3:2 hesabı ilə yendikləri 1/4 final mərhələsinin cavab görüşündən sonra deyib. İlk oyunda da 1:0 hesabı ilə qalib gəldikləri üçün mərhələ adlayan "qartallar"ın rəhbəri jurnalistlərin suallarını da cavablandırıb...
- Qışda komandadan kimlər gedəcək?
- Bu gün elə bir futbolçu yoxdur. Hələ o fikirdə də deyilik. Kimlər gələcək deyə bir sual var. Bir-iki oyunçu götürməyə çalışacağıq. Hökmən iki futbolçu lazımdır. Olmasa, bu heyətlə yola davam edəcəyik. Çətinliklər olsa da, istədiyimiz oyunçunu almağa çalışacağıq.
- Qollarınızın hər 3-ünü künc zərbəsindən vurdunuz. Bunun üzərində xüsusi işləmişdiniz?
- İlk oyunda nəyisə planlaşdırmaq çətin idi. Açığı, heç bir şey etməmişdik. Əsas fikrimiz futbolçuları çemodan əhval-ruhiyyəsindən uzaq etmək idi.
- Yarımfinalda kimi rəqib görmək istərdiniz?
- Yaxşı sualdır. Nə deyim ki, kiminsə xətrinə dəyməyim?
- Elə isə sualı belə qoyaq: "Neftçi"nin sensasiya edəcəyini və böyükhesablı qələbəsini real sayırsınız?
- "Neftçi" də qalib gələ bilər. Ancaq "Sumqayıt"ın bu komandanı üstələcəyi mənim üçün sensasiya olmayacaq.