"Yarımfinala çıxmağımız sevindiricidir. "Neftçi" ilə düşəndə fikirləşirdik ki, bu rəqibi keçə bilərikmi? Futbolçularımız xarakter göstərdilər. Hər birinə təşəkkür edirəm".
Sportnet az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 finalında "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları cavab oyunundan sonra deyib.
O, bildirib ki, iki görüşün yekununda yarımfinala vəsiqə qazanmaları Sumqayıt futbolu üçün böyük təkandır: "Məni tək narahat edən komandanın fiziki durumu idi. Çatdıra bilməyəcəyimizdən ehtiyatlanırdım. Hər iki "cəbhə"də vuruşmağa çalışacağıq. Bu iki oyunda futbolçularımızın əzmkarlığı "Neftçi"dən üstün idi. Əlbəttə, rəqibi düzgün analiz etmişdik. Yarımfinaldakı rəqibimiz sonuncu yerdə getsə də, potensialı böyükdür. Yəqin ki, bütün güclərini kuboka qoyacaqlar. Qış fasiləsində güclənməliyik. Hər mövqedə rəqabət olmalıdır. Legioner futbolçu götürə bilmirik. Amma yenə də yeni oyunçular cəlb etməyə çalışacağıq. Bu barədə rəhbərliklə danışmışıq. Əsas məsələ hücumçudur. Maraqlandığımız oyunçular var".
A.Abbasov baş hakim Orxan Məmmədovun Arif Daşdəmirova yanlışlıqla qırmızı vərəqə göstərdiyini vurğulayıb: "Elə şeyi "Neftçi"nin futbolçusuna yaraşdırmıram. Həmin epizodda "feyr-pley"ə əməl olunmalı idi. Məmmədov yanlışlıqla Daşdəmirova ikinci sarı vərəqə göstərərək onu meydandan qovdu. "Sarı"nı Xəyal Nəcəfova göstərməli idi. Oyunçuları səhv saldı. Bu qədər insan gəlib. Bir səhvlə çox şey ola bilər. Referinin əsas vaxta 7 dəqiqə əlavə etməsi də düzgün deyildi".
37 yaşlı mütəxəssis həm "Zirə"yə rəhbərlik etdiyi dönəmdə, həm də "Sumqayıt"la "Neftçi"ni üstələməsi ilə bağlı suala gülərək belə cavab verib: "Bu qədər də şişirtməyək".
Qeyd edək ki, ilk matçda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdiyi üçün yarımfinala vəsiqə qazanan "Sumqayıt" "Zirə"yə rəqib olub.