1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Anar Nəzirov: "Bunları heç vaxt unutmaram" - MÜSAHİBƏ
"Qəbələ" klubunun "Zirə"dən transfer etdiyi qapıçı Anar Nəzirovun Sportnet.az-a müsahibəsi...
- Uzun müddətdir çıxış etdiyiniz klubdan ayrılmağınıza səbəb nə oldu?
- "Qəbələ"dən təklif gəldi. Mən də "Zirə" rəhbərliyi, baş məşqçi Samir Abasovla danışdım. Sağ olsunlar, məni başa düşdülər. Klubumu dəyişməyə həqiqətən də ehtiyacım var idi. Buna görə də "Zirə" rəhbərliyinə fikrimi bildirmişdim. Cavab olaraq, daha bir neçə gün qərarım üzərində düşünməyə vaxt vermişdilər. Amma dəyişəcək bir şey yox idi. Buna görə də fikrimi bir daha "Zirə" rəsmilərinə çatdırdım və halallaşdıq. Bununla da "Qəbələ"nin təklifini müsbət dəyərləndirdim".
- "Zirə"nin əsas kapitanı idiniz, daim ilk "11-lik"də meydana çıxırdınız. Elə isə dəyişiklik etmək istəyiniz nədən irəli gəldi?
- O barədə heç bir problem yox idi. Amma hər halda bəzi səbəblər oldu. Zədələr almışdım, indi də müalicə olunuram. Necə deyim? Bir sözlə, hiss edirdim ki, dəyişiklik vaxtıdır. "Zirə" yaranandan klubda olmuşam. Bu komandadan milliyə dəvət almışam. İndiyədək heç bir problem də yaşamamışam. Hər şey yaxşı olub. Mən bunları heç vaxt unutmaram. Amma haradasa getmək vaxtının gəlib çatdığını düşünürsən. Ona görə də qərarımı verərək, klubumu dəyişdim.
- Amma komandadan təkcə siz yox, Vüsal İsgəndərli də, Adil Nağıyev də gedib...
- Onların getməkdə məqsədlərinin nədən ibarət olduğunu deyə bilmərəm. Bunu baş məşqçi Samir Abasovdan, rəhbərlikdən soruşa bilərsiniz. Mənim isə heç bir narazılığım olmayıb. Sadəcə, dəyişikliyə ehtiyac olduğu üçün belə qərar verdim.
- Samir Abasovun gəlişindən sonra söz-söhbətlər yayılıb ki, futbolçulara qarşı sərtdir. Buna görə də kollektivdaxili narazılıqlar baş verir...
- Hər bir baş məşqçinin öz strategiyası var. Samir müəllim də tələbkarlığı, çılğınlığı ilə seçilir. Məşq prosesində o, bir nəfəri idarə etmir ki... 30-40 nəfərə nəzarət etdiyindən, məsuliyyətli vəzifədə çalışdığını düşünürəm. Əvvəlki baş məşqçi Ayxan Abbasov da tələbkar idi. Bu mənada ikisinin də oxşar cəhətləri var. Sadəcə, Samir müəllimin gəlişindən sonra mətbuatda niyə belə məsələlərin ortaya çıxdığını deyə bilmərəm. Ola bilər ki, məşqdə, oyunda aqressiv olsun, amma kənarda tam başqa bir insandır.
- Ola bilərmi ki, dəyişiklik istəyiniz "Qəbələ"nin "Zirə"yə nəzərən turnir cədvəlində üst pillədə qərarlaşması və daha iddialı olmasından irəli gəldi?
- Deməzdim. "Zirə" bu gün son pillədə olsa da, mövsümün ikinci yarısında öz oyunları ilə hamını təəccübləndirə bilər. Yəni, potensiallı komandadır. Oyununda da çoxlu dəyişikliyin olduğu görünürdü. Qol vəziyyətləri yaradırdıq, amma müəyyən səbəblərdən yararlana bilmirdik. Son 4-5 oyunda azı 3 qələbə qazanmalı idik. Qış fasiləsindən sonra "Zirə"yə böyük ümidim var. Bu komanda əvvəlki iddialarını özünə qaytara bilər. "Zirə" həmişə istəkli, əzmkar və fədakar oyunu ilə seçilib. Ona görə də bu komandaya inanıram.
- Qapıçı kimi kifayət qədər təcrübəlisiniz. Bu mənada əsas qolkiper Dmitri Bezotosnı ilə rəqabətə hazırsınız?
- Bezotosnı "Qəbələ" üçün faydalı, uğurlu qapıçıdır. Bizim də rəqabətimiz komandanın uğuru üçündür. Əlimizdən gələni edəcəyik ki, qapımızı toxunulmaz saxlayaq. Qapıçı elə mövqedir ki, şans verildikdə ondan istifadə etməlisən. Mən də öz üzərimdə çalışacağam. Tanıdığım insanlarla çalışacağam. Məni çağırıblarsa, deməli, etimad göstəriblər. Mən də öz oyunumla komandaya xeyir vermək istəyirəm. Əsas odur ki, "Qəbələ" uğur qazansın. İstər Bezotosnı, istər mən olum, şans verildikdə əlimizdən gələni etməliyik.
- Amma artıq "Neftçi"yə keçən Aqil Məmmədov ehtiyat qapıçı rolundan nadir hallarda qurtulurdu...
- Mən Aqilin adından danışa bilmərəm. Görünür, Bezotosnı daha faydalı olduğu üçün üstünlük ona verilirdi. Amma Məmmədov da bir neçə oyunda meydana çıxdı. Bu, elə bir mövqedir ki, mövsümün bütün oyunlarını bir qapıçı ilə keçirə bilərsən. Dünya praktikasında da bu, belədir. Qapıda dəyişikliyə çox da ehtiyac olmur. Hansı daha uğurlu olsa, ona daimi şans verirlər.