“Mövsümün ilk yarısı başa çatdıqdan sonra istirahətə buraxıldıq. Bütün komanda üzvləri kimi mən də bu müddətdən səmərəli istifadə etdim. Ailəmlə vaxt keçirmək imkanım oldu".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Urfan Abbasov klubun saytına açıqlamasında komandanın Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesini dəyərləndirərkən deyib.
27 yaşlı müdafiəçi həm fiziki, həm də psixoloji cəhətdən istirahət etdiyini vurğulayıb: "Bu da ikinci yarının hazırlıqları ərəfəsində müsbət hal oldu. Toplanışa gəlincə, öncə Bakıda bir araya gəldik. Paytaxtda keçirdiyimiz müddət ərzində verilən bütün tapşırıqları yerinə yetirdik. İstənilən səviyyədə məşq etməyə nail olduq. Ölkədəki toplanışı yoxlama oyunu ilə başa vurduq ki, bu görüş də ilk mərhələdə yaxşı hazırlıq keçdiyimizi təsdiqlədi. Artıq üç gündür Türkiyədəyik. Antalya toplanışı da yüksək səviyyədə təşkil olunub. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmaq imkanımız var. Bundan maksimum yararlanıb mövsümün həlledici hissəsində hədəflərimizə çatmağa çalışacağıq. Qarşıda bizi yoxlama oyunları da gözləyir. Bu matçlar hazırlıq baxımından çox önəmlidir. Belə görüşlər komandanın hazırkı durumunu, hansı komponentlərin üzərində çalışmalı olduğumuzu bir daha göstərir. Toplanışın sonuna qədər vaxt var ki, bunların da üzərində işləyib, ikinci yarıya tam hazır olacağıq”.