"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Qazaxıstan "Astana"sından ayrılmağa qərar verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə braziliyalı hücumçunun özü yerli radioya açıqlamasında bildirib. 29 yaşlı oyunçu müqavilə üzrə məxsus olduğu Yunanıstan PAOK-una qayıtmaq istəyini dilə gətirib: "Biz "Astana" ilə Avropa Liqasında qrup mərhələsini adlaya bilmədik. Qazaxıstan çempionatı martda başlayacağından, orada daha qalmaq istəmirəm. Qayıdaraq, PAOK-a kömək etmək niyyətindəyəm. Klubun vitse-prezidenti ilə danışdım və dönüşümə dair razılığa gəldik. Ümidvaram ki, həftə ərzində bu işi yoluna qoyacağıq. Bütün detalların tam həllini gözləyirəm".
Qeyd edək ki, Pedro Enrike 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. Daha əvvəl Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda "Astana"dan Ağdam komandasına bir illik icarəyə verilib.