Bu gün keçirilmiş daha 5 oyunla futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda Birinci Liqanın lideri ilə İkinci Liqanın autsayderlərindən hesab edilən “Gənclik” qarşılaşıb. “Baku Fire”in rahat qələbə qazanacağı gözlənilsə də, birinci hissədə rəqib buna imkan verməyib. Düzdü, Teymur Eyvazovun yetirmələri fasiləyə 1 top üstünlüklə yollanıb. Ancaq “Gənclik” son dəqiqədə 2 real qol epizodunu qaçırmaqla hesabı bərabərləşdirmək imkanını da əldən verib. İkinci hissədə fərq artsa da, “Gənclik” komandasının mübarizədən qopmadığını xüsusi qeyd etməyə dəyər.
İkinci oyun dramatikliyi ilə yadda qalıb. Ardıcıl 4 qol vuran “Rəvan”ın mərhələ adlayacağı gözlənilsə də, “Dalğa” Cəmşid Məhərrəmovun yoxluğunda belə hesabı bərabərləşdirməyi bacarıb. Nəticədə komandalar hərəsi 5 dəqiqədən ibarət əlavə 2 hissədə mübarizə aparmalı olub. Əlavə vaxtın birinci hissəsində “Dalğa” iki qol vurmaqla hesabı lehinə çevirib. İkinci əlavə vaxtın əvvəlində “Rəvan” qapıçının birbaşa qırmızı vərəqə alması üzündən 2 dəqiqəni azlıqda keçirib. Sona yaxın “Dalğa” daha 2 qol vurmaqla fərqi 4 topa çatdırıb və mübarizəni davam etdirən tərəf olub. Yeri gəlmişkən, bu görüş 1/16 final mərhələsində əlavə vaxta daşınan ilk qarşılaşma olub.
İkinci Liqanın iki təmsilçisinin duelində lider “Obolon”un qalib gələcəyi şübhə doğurmayıb ki, nəticə də bunu göstərib.
Növbəti dueldə də eyni liqanın iştirakçıları üz-üzə gəlib. Birinci hissədə 2 qol vuran “Hövsan” üstünlüyünü fasilədən sonra da davam etdirib.
Mərhələnin son oyunu qol sıralaması ilə başlayıb. Əvvəlcə iki dəfə nominal meydan sahibləri hesabda önə keçib. Ancaq “Mübariz” mübarizəni əldən verməyib və fasiləyə hesabda öndə yollanıb. Fərq 1 yox, 3 top ola bilərmiş. Bunun üçün iki dəfə təyin edilmiş 10 metrlik zərbəni dəqiq yerinə yetirmək lazım imiş. İkinci hissənin əvvəlində “Gilan Construction” status-kvonu bərpa edib. “Mübariz” vəziyyəti yenidən xeyrinə dəyişsə də, fasilədə kifayət qədər güclənən “Gilan Construction” cavab verməkdə gecikməyib. Yekunda duelin qalibi olan şirkət komandası mübarizəni davam etdirmək hüququ qazanıb.
Beləliklə “Advokat”, “Green Log”, “Standard” və “Təbriz”dən sonra “Baku Fire”, “Dalğa”, “Obolon”, “Hövsan” və “Gilan Construction” komandaları da 1/8 finala yüksəlib. Yüksək Liqada mübarizə aparan komandalar da mübarizəyə bu mərhələdən qatılacaq.
Azərbaycan kuboku, 1/16 final
“Gənclik” İK - “Baku Fire” - 2:6 (1:2)
Qollar: P. Mirzəzadə, 10:11, T. Bilallı, 21:14 - R. Abdullayev, 03:22, R. Səfiyarov, 13:05, 27:53, İ. Zeynalov,15:45, E. Zərbəliyev, 17:53, S. Vəliyev, 26:32
“Dalğa” – “Rəvan” - 8:4 (0:2)
Qollar: N. Cəfərov, 23:18, 26:30, N. Əliyev, 24:41, 28:19, İ. İsayev, 33:49, 34:13, 37:53, T. Mikayılov, 37:27 - A. Əliyev, 03:04, 16:50, P. Qaraxanov, 06:22, 17:31
Qırmızı vərəqə: X. Həsənov, 35:22 ("Rəvan")
“Bibi-Heybət” - “Obolon” - 1:9 (1:7)
Qollar: F. Bünyatov, 03:45 - N. Qafarlı, 04:17, T. Kərimov, 07:49, 16:33, İ. Rzabəyli, 08:40 (ö/q), E. Abbaszadə, 09:22, 13:24, E. Tağıyev, 11:28, 12:24, Y. Qasımov, 18:36
“Avanqard” - “Hövsan” - 0:3 (0:2)
Qollar: H. Əliyev, 08:26, M. Həsənov, 12:34, 23:37
“Gilan Construction” - “Mübariz” - 6:4 (2:3)
Qollar: E. Məmmədov, 0:50, F. Hüseynov, 04:21, 18:24, 22:51, 24:37, 28:01 - E. Tağıyev, 01:57, 12:22, T. Hüseynov, 07:06 (ö/q), N. İsmayılov, 20:39