İtaliyanın "Yuventus" klubunun futbolçusu Medhi Benatia Qətərin "Əl-Duhayl" komandasına keçib.
Sportnet.az Turin klubunun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, mərakeşli müdafiəçisi ərəblərə 8 milyon avroya satılıb. Bu məbləğ 2019-cu ilin oktyabrınadək iki dəfəyə ödəniləcək. Məbləğ bonuslar hesabına daha 2 milyon avro arta bilər.
31 yaşlı Benatia "Yuventus"a 2016-cı ildə "Bavariya"dan 3 milyon avroya icarə əsasında keçib. Bir ildən sonra İtaliya klubu futbolçunun transfer hüququnu 17 milyon avroya alıb. Müdafiəçi Turin komandasında ümumilikdə 59 oyunda meydana çıxıb və 5 qol vurub. O, "Yuventus"un heyətində iki dəfə İtaliya çempionu, iki dəfə də İtaliya Kubokunun qalibi olub. Benatia bunadək "Marsel", "Tur", "Loryan", "Klermon", "Udineze" və "Roma" kimi komandaların şərəfini qoruyub. O, Mərakeş yığmasında 55 oyun keçirib və 2 qolun müəllifi olub.