"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XV tur matçından əvvəl brifinq keçirib.
Sportnet.az müsahibəni təqdim edir...
- Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışından nə dərəcədə razı qaldınız?
- Düzdür, yoxlama matçlarımız yağışlı havada keçdi, hətta bir matçımız təxirə düşdü. Lakin bacardığımız qədər proqramdan kənara çıxmamağa çalışdıq.Hər bir hava şəraitində çalışdıq ki, düşündüyümüzü meydanda yerinə yetirək. Əlbəttə, istərdik daha yaxşı hava şəraiti olsun. Oyunlarımız daha sürətli və aktiv olardı. Lakin hazırlıqdan razı qaldım. Bütün klublar orada idi. Hər biri üçün bu problem oldu. Belə hava futbolçuların möhkəmlənmələri üçün yaxşıdır. Buna problem kimi baxmıram.
- Qarşıdan "Neftçi" ilə oyun gəlir. Futbolçularınızla söhbətdə bu matçın derbi olduğunu vurğulayırsınız, yoxsa görüşə sıradan bir oyun kimi yanaşırsınız?
- Sıradan bir oyun kimi yanaşa bilmərik. Biz liderə qarşı oynayırıq. Yaxşı baş məşqçisi olan komandaya qarşı oynayırıq. Hamımız görürük ki, "Neftçi" çempionluğa çox istəklidir. Matça ciddi yanaşırıq. Hər bir halda öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq. Buna derbi deməyə bilmərik, həqiqətən derbidir. Amma futbolçuların üzərinə bir o qədər də getmirik ki. Belə oyunlarda daha diqqətli və istəkli olmalıyıq. Hər bir oyun kimi bu matç da önəmlidir.
- Start heyətini müəyyənləşdirmisiniz?
- Tam olmasa da, müəyyənləşdirmişik. Təxminən 90 faiz bəllidir.
- Oyunun "Azərsun Arena"da yox, burada keçirilməsi problemdirmi?
- Belə düşünmürəm. Bura da bizim üçün doğmadır. Əvvəllər çempionat və avrokubok oyunlarını da burada oynamışıq.
- Dario Frederiko "Neftçi"dən ayrıldı. Bu sizin planlarınıza təsir etdimi və sizin üçün sevindirici xəbər sayıla bilər?
- Xeyr. Çox istərdim ki, yaxşı oyunçular bizim çempionatda qalsın. Lakin "Neftçi"nin heyətində Dario Federikonu əvəzləyə biləcək oyunçular var. Məsələn, Namiq Ələsgərov və ya yeni transferləri Platellas onu əvəzləməyə qadirdir. Darionun gedişi bizim planlarımıza təsir etmir. Bir-iki futbolçunun oynamaması "Neftçi"yə təsir etməz.
- Riçard Almeyda komandaya qayıdıb. Onun yoxluğu gedəndən sonra hiss olunurdu. Qışdan sonra əvvəlki "Qarabağ"ı görə biləcəyik?
- Hər zaman heyətimizin yaxşı olmasını istəyirik. O qədər də zəifləməmişdik ki, Almeydanın dönüşündən sonra güclənək. Avropa Liqasının qrupuna düşdük. Çempionluq uğrunda mübarizə aparırıq. Ölkə Kubokunda yarımfinala çıxmışıq. Əlbəttə, belə bir futbolçunun qayıtması, təkcə oyun baxımından yox, kollektivə müsbət təsir edir. Riçard üçün darıxanlar onu səbirsizliklə gözəyirdilər. İstədiyimiz oyunu qurmaqda onun bacarığı və təcrübəsi daha çox idi. Ancaq bir futbolçu ilə komanda nə güclənir, nə də zəifləyir. Riçard bir ilə yaxın bu komandada olmadı. O da öz optimal formasından bir az uzaqdır. Bir neçə oyun lazımdır ki, daha sonra öz bacarığını tam göstərə bilsin.
- Transfer çalışmalarınızı yekunlaşdırmısınız?
- Transferlərlə bağlı danışıqlarımız davam edir. Hücumçu da ola bilər, yarımmüdafiəçi də.
- Con Delarj əvəzedici komandadadır. Onun hazırkı durumu nə yerdədir və gələcəyi necə olacaq?
- Con Delarjla bağlı bizə müraciət daxil olmayıb. Hələlik əvəzedici komandada qalacaq.