
Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la görüşü “Zirə” üçün əlamətdar olacaq.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi 2018/19 mövsümündə ilk dəfə ev oyununu doğma arenada keçirəcək. fevralın 2-dəki görüş Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
Arenada aparılan təmirlə əlaqədar olaraq komanda mövsümün ilk yarısında rəqiblərini fərqli stadionlarda qəbul etməli olub. “Qartallar” 5 çempionat və 1 kubok oyununu “Dalğa Arena”da keçirməli olub. “Bakcell Arena” və “AZAL Arena”nın hərəsində bir Premyer Liqa matçına ev sahibliyi edib.
“Zirə”nin doğma stadionundakı son oyunu 2017/18 mövsümünə təsadüf edib. Komanda 2018-ci il mayın 12-də baş tutan son ev matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. 266 gündən sonra Zirə İdman Kompleksinin stadionuna çıxacaq “qartallar”ın bu arenadakı son qollarına Riçard Qadze və Tellur Mütəllimov imza atıb.
Qeyd edək ki, “Sabah”la görüş komandanın doğma stadionunda 64-cü oyunu olacaq. “Zirə” indiyədək Premyer Liqada 46, Azərbaycan kubokunda 4, Birinci divizionda 13 dəfə rəqiblərini bu arenada qəbul edib.