"Belə oyun haqda danışmağa çox söz olmur. 3 elə səhv etdik ki, özüm də təhlil edirəm. Rəqibə qollar hədiyyə etdik. Bu, mənim üçün də gözlənilməz oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Məğlubiyyətinizdə futbolçu itkilərinin nə dərəcədə rolu oldu?
- Slavik Alxasov və Nikola Mitroviçin olmaması meydanda özünü göstərdi. Çalışacağıq ki, oyunumuzu düzəldək. Hazırlıq prosesindəki komandadan bu gün əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda bunun olması daha yaxşıdır. Sonda belə hal bizi daha pis vəziyyətə qoya bilərdi. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq. Oyundan-oyuna komandamızı görəcəksiniz.
- Bu gün Kamran Ağayevə nə olmuşdu?
- Komandada yeni oyunçular var idi. Müəyyən həyəcanın olması normaldı. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacağıq.
- "Zirə"nin uduzması sizə psixoloji cəhətdən təsir etdimi?
- Futbolçularıma qadağa qoymuşam ki, heç kimin oyunu ilə maraqlanmasınlar. Bizi yalnız öz matçımız maraqlandırır.