Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son 2 matç İspaniya və Almaniyada keçirilib. Final oyununun təşkil olunacağı Madriddəki "Metropolitano" stadionunda "Atletiko" və İtaliyanın "Yuventus" klubları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 78-ci dəqiqədə Xose Maria Ximenes, 83-cü dəqiqədə isə Dieqo Qodin vurub.
"Şalke" isə İngiltərənin "Mançester Siti" komandasını qəbul edib. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2. Hesabı 18-ci dəqiqədə "şəhərlilər"in ən məhsuldar hücumçusu Serxio Aqüero 18-ci dəqiqədə açıb. Meydan sahibləri bu qola fasiləyədək Nabil Bentalebin 38 və 45-ci dəqiqələrdə penaltidən vurduğu qollarla cavab veriblər. 68-ci dəqiqədə "Mançester Siti"nin futbolçusu Nikolas Otamendi qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Bununla belə, İngiltərə təmsilçisi Leroy Sanenin 86-cı, Rahim Sterlinqin isə 90-cı dəqiqədə vurduğu qollarla qələbəyə nail olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki ilk oyunlarında "Roma" İtaliyada Portuqaliya "Portu"suna 2:1, "Tottenhem" İngiltərədə Almaniyanın "Borussiya" (Dortmund) komandasına 3:0 hesabı ilə qalib gəlib. Fransa PSJ-si İngiltərədə "Mançester Yunayted"i 2:0, İspaniya "Real Madrid"i Hollandiyada "Ayaks"ı 2:1 hesabı ilə yenib. "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) və "Lion" (Fransa) - "Barselona" (İspaniya) görüşləri isə qolsuz yekunlaşıb. Cavab görüşləri 5-6 və 12-13 martda keçiriləcək.
-------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin sonuncu ilk oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, İspaniyada “Atletiko” İtaliyanın “Yuventus” komandasını qəbul edəcək. Almaniyada isə “Şalke” ilə İngiltərə təmsilçisi “Mançester Siti” qarşılaşacaq.
Ümumilikdə son 22 matçda 2 dəfə məğlub olan “Atletiko” hazırda La Liqada 47 xalla 2-ci pillədə qərarlaşıb. Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv lider “Barselona”dan 7 xal geri qalır. “Yuventus” isə A Seriyasında zirvədə qərarlaşıb. Massimiliano Alleqrinin baş məşqçi olduğu komanda 66 xala malikdir və ən yaxın izləyicisi “Napoli”ni 13 xal qabaqlayır.
“Atletiko”da müdafiəçi Lukas Hernandes, yarımmüdafiəçi Koke və hücumçu Dieqo Kosta zədəlidir. “Yuventus”da isə analoji səbəbdən müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Duqlas Kosta meydana çıxmaya bilər. İkilinin durumu sual altındadır.
“Şalke” və “Mançester Siti”nin milli çempionatlardakı mövqeləri çox fərqlidir. Domeniko Tedeskonun komandası Bundesliqada 23 xalla 14-cü yerdədir. Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv isə Premyer Liqada 65 xalla “Liverpul”la zirvəni bölüşür.
Meydan sahiblərinin düşərgəsində müdafiəçi Omar Maskarel cəzalı, yarımmüdafiəçilər - Benjamen Stambuli və Alessandro Şöpf, eləcə də hücumçu Brel Embolo zədəlidir. Qonaqların heyətində isə qapıçı Klaudio Bravo və müdafiəçilər - Vensan Kompani ilə Benjamen Mendi oxşar səbəbdən oyunda iştirak edə bilməyəcəklər.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
24:00. “Atletiko” (İspaniya) – “Yuventus” (İtaliya) - 2:0
Qollar: Xose Maria Ximenes, 78. Dieqo Qodin, 83
Baş hakim: Feliks Tsvayer (Almaniya)
Madrid, “Metropolitano” stadionu
24:00. “Şalke” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 2:3
Qollar: Nabil Bentaleb, 38; 45 (hər ikisi penalti ilə) - Serxio Aqüero, 18. Leroy Sane, 86. Rahim Sterlinq, 90
Qırmızı vərəqə: Nikolas Otamendi, 68 ("Mançester Siti")
Baş hakim: Karlos del Serro (İspaniya)
Helzenkirhen, “Feltins Arena”