
Futbol üzrə Türkiyə Super Liqasında XXIII turun son oyunu "Beşiktaş" və "Fənərbağça" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Wodafone Park"da təşkil olunmuş ilin ilk İstanbul derbisi məhsuldar heç-heçə ilə yekunlaşıb - 3:3. İlk yarıda meydan sahibləri, fasilədən sonra isə qonaqlar fərqləniblər.
Hesabı 10-cu dəqiqədə Gökhan Gönül açıb. Bundan 8 dəqiqə sonra VAR sisteminə müraciətdən sonra təyin olunmuş penaltini Burak Yılmaz qola çevirib. 45+2-ci dəqiqədə isə Yılmaz rəqib müdafiəçinin səhvindən sonra "Beşiktaş"ın 3-cü qolunu vurub.
İkinci hissədə "Fənərbağça" məğlubiyyətdən qurtulmağı bacarıb. 55-ci dəqiqədə Mixa Zayts, 62-ci dəqiqədə Sadik Çiftpınar və 67-ci dəqiqədə Hasan Ali Kaldırım fərqlənib. Çiftpınarın qoluna etirazlar olduğundan, baş hakim Bülent Yıldırım epizodu VAR-da izləməli olub. Lakin o, qərarını dəyişdirməyib.
Beləliklə, "Beşiktaş" ardıcıl 3 oyunluq qələbə seriyasına son verib. Səfərdə 5 aydır qalib gələ bilməyən "Fənərbağça"nın ümidləri isə növbəti turlara qalıb. Bu nəticədən sonra "qartallar" xallarını 40-a çatdırsalar da, 3-cü pillədə qalıblar. Xallarını 25-ə yüksəldən "Fənərbağça" isə 14-cü pilləyə yüksəlib.
------------------------------
Bu gün futbol üzrə Türkiyə Super Liqasında 2019-cu ilin ilk İstanbul derbisi olacaq.
Sportnet.az-ın məlumatına görə, XXIII tura “Beşiktaş” – “Fənərbağça” matçı ilə yekun vurulacaq. Bu qarşılaşma 95 illik rəqabətin 349-cu dueli kimi tarixə düşəcək. Qonaqlar indiyə qədər baş tutmuş görüşlərdən 132-də qalib gəlib. Meydan sahibləri 124 qələbəyə sevindikləri halda, 92 dəfə bərabərlik qeydə alınıb.
“Qartallar”la “sarı bülbüllər” 1959-cu ildən keçirilən ölkə çempionatlarında 125 dəfə üz-üzə gəliblər. Burada da statistik göstəricilərdə üstün olan komanda “Fənər”dir: 46 qələbə, 40 heç-heçə və 39 məğlubiyyət. Bu kollektivlər arasında son oyunda qalib müəyyənləşməyib – 1:1.
Tarixinin ən ağır mövsümlərindən birini yaşayan və 15-ci pillədə qərarlaşan “Fənərbağça” düşmə zonasındakı “Bursaspor”la eyni – 24 xala malikdir. “Beşiktaş” isə çempionluq yarışında lider “Başakşehir”dən 12 xal geri qalır. Şenol Günəşin baş məşqçi olduğu komanda 39 xalla 3-cü yerdədir. Başqa sözlə, komandalar turnir cədvəlinin əks qütblərində və simmetrik pillələrindədirlər.
“Beşiktaş”ın heyətində Adem Lyayiç cəzalı durumdadır. Gözündə problem olan Oğuzhan Özyakupun meydana çıxıb-çıxmayacağı isə bəlli deyil. Cari mövsümdə səfərdə keçirdiyi 11 oyundan yalnız 1-də qalib gələn, 4 dəfə heç-heçə edib, 6 görüşdə uduzan “Fənərbağça”da zədəli Mehmet Ekici oyunu buraxacaq. Baş məşqçi Ersun Yanal eyni səbəbdən Hasan Ali Kaldırım ve Matyö Valbuenanın xidmətindən yararlanmaya bilər.
Türkiyə Super Liqası
XXIII tur
25 fevral
22:00. “Beşiktaş” – “Fənərbağça” - 3:3
Qollar: Gökhan Gönül, 10. Burak Yılmaz, 18 (p.); 45+2 - Mixa Zayts, 55. Sadik Çiftpınar, 62. Hasan Ali Kaldırım, 67
Baş hakim: Bülent Yıldırım
Yan xətt hakimləri: Mustafa Emre Eyisoy və Asım Yusuf Öz
Dördüncü hakim: Serkan Tokat
VAR hakimi: Cüneyt Çakır
İstanbul, “Vodafone Park”.