Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın olduğu təyyarənin qəzaya uğramasının təfərrüatları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Britaniya Aviasiya Hadisələrinin Araşdırılması Şöbəsindən (AAIB) açıqlama verilib. Bildirilir ki, qəzaya uğramamışdan bir neçə dəqiqə əvvəl təyyarə 180 dərəcə sərt dönmə edib və sonra 20 saniyə ərzində təqribən 300 metr aşağı düşüb. Bütün bu müddətdə pilot Devid Aybbotson kömək üçün siqnal göndərib.
AAIB qeyd edib ki, təyyarənin tapılmış qalıqları onun qəzaya uğramamışdan əvvəl birdən sürət yığdığını və dik vəziyyətdə yerə düşdüyünü göstərir. Pilotun sonadək təyyarəyə nəzarəti əldə saxladığı və onu suya salacağını ümid etdiyi vurğulanır. Qəzanın səbəbi indiyədək də aydınlaşdırılır.
Qeyd edək ki, Emiliano Salanın olduğu təyyarə yanvarın 22-də qəzaya düşüb. Uçuşdan əvvəl futbolçu dostuna göndərdiyi mesajda təyyarənin yolda qəzaya düşəcəyindən qorxduğunu yazıb.