“Azərbaycan Premyer Liqası səviyyə baxımından Rusiya və Portuqaliya çempionatlarından geri qalır, amma zəif deyil. Məsələn, biz davamlı şəkildə Avropa Liqasının, ötən mövsüm isə Çempionlar Liqasının qrupunda yer alan “Qarabağ”la rəqabət aparırıq”.
Sportnet.az xəbər verir ki, bunu "news.ru"ya müsahibəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib. 27 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatı üçün 8 komandanın az olduğunu söyləyib: “Ola bilsin, maliyyə böhranı və milli valyutanın məzənnəsinin aşağı düşməsi komanda sayının azalmasına təsir edib. Fikrimcə, tədricən say artacaq. Həmin klubların bölgələrdən olması önəmlidir. Onlarsız yeni istedadlar üzə çıxmayacaq və azarkeş sayı artmayacaq”.
Mahmudov “Azərbaycan klubları Rusiya Premyer Liqasında çıxış etsəydilər hansı pillələrdə qərarlaşardılar” sualına belə cavab verib: “Qarabağ” və “Neftçi” ikinci “səkkizlik”də olardılar. Rusiyanın güclü komandalarından birini hansısa matçda məğlub etmək olar, amma ümumilikdə onlar güclüdürlər. Rusiyada daha çox pul var. Bu isə o deməkdir ki, legionerlərin ustalıq səviyyəsi daha yüksəkdir”.
“Neftçi”nin kapitanı Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki şanslarından da danışıb. O, yığmanın Xorvatiya, Macarıstan, Uels və Slovakiya komandaları ilə birgə çətin qrupda yer aldığını deyib: “Təəssüf ki, püşkün nəticəsi fərqli olsa belə, biz yenə də favorit olmaycaqdıq. Hər oyunda döyüşmək lazımdır. Başqa yol görümürəm”.
Qeyd edək ki, Rusiyanın “Saturn” klubunun yetirməsi olan Emin Mahmudov bu ölkənin “Spartak” (Moskva), “Tom”, “Krılya Sovetov” və “Mordoviya” komandalarının da formasını geyinib. O, 2017-ci ildə Portuqaliya təmsilçisi “Boavişta”dan “Neftçi”yə keçib ("Report").