UEFA İntizam Komitəsi İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramosa qarşı iş açıb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi Çempionlar Liqasında Hollandiya "Ayaks"ı ilə ilk 1/8 final matçında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir. Araşdırmalar üçün səbəb kapitanın bir oyunluq cəzanı erkən mərhələlərdə çəkmək üçün bilərəkdən sarı vərəqə aldığına dair açıqlaması olub. Amsterdamdakı qarşılaşmanın 89-cu dəqiqəsində o, Kasber Dolberqə qarşı kobudluq edərək, cavab görüşü üçün cəzalı duruma düşüb. Sonradan təcrübəli futbolçu sözlərini təkzib edib.
Qeyd edək ki, Serxio Ramos 2010 və 2013-cü illərdə bilərəkdən sarı vərəqə alıb. Nəticədə o, turnir əhəmiyyəti olmayan növbəti oyunları buraxıb.