"Qarabağ" və "Neftçi" güclüdürsə, bu, onların hər tur udmalı olduqları anlamına gəlməməlidir".
Bunu Sportnet.az-a açıqlamasında əvvəllər hər iki komandada baş məşqçi kimi çalışmış Elxan Abdullayev deyib. 49 yaşlı mütəxəssis bildirib ki, Premyer Liqa favoritləri hər tur xal itkisinə məruz qala bilərlər: "Çempionluğa iddialıların itkisiz irəliləyəcəkləri və sonda qızıl medalın taleyinin öz aralarındakı matçda həll olunacağı fikri yanlışdır. Heç kim xal itkilərindən sığortalanmayıb. Qarşıdakı 10 tur ərzində də itkilər olacaq".
Evdə "Səbail"ə 1:2 hesablı məğlubiyyətə rəğmən, "Neftçi"nin oyunundan razılıq ifadə edən Abdullayev flaqmanın qolları fərdi səhv və standart vəziyyətdən buraxdığını xatırladıb. O, "ağ-qaralar"ın oyun ərzində hücum futbolu sərgiləyərək, çoxsaylı şanslar yaxaladığını da diqqətə çatdırıb.
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Sabah"ı məğlub edə bilməyib - 1:1. Hazırda 38 xala malik "Neftçi" turnir cədvəlinə Ağdam komandası ilə birgə başçılıq edir.