"Həm bizim, həm də “Qarabağ” üçün çətin oyun oldu. Futbol havası deyildi, güclü külək vardı. Meydanın vəziyyəti də yaxşı deyildi. Amma bu vəziyyət iki komanda üçün də eynidir. “Qarabağ”ın qapımıza ümumilikdə vurduğu bir neçə zərbəsindən biri qol oldu. Bizim də şanslarımız var idi, sadəcə, alınmadı".
Sportnet.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Nikola Mitroviç evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 32 yaşlı yarımmüdafiəçi Ağdam komandasından qorxduqları fikri ilə razılaşmayıb: "Qorxmurduq, sadəcə taktikamız belə idi. Baş məşqçimiz Tərlan Əhmədovun göstərişi ilə ikinci hissədə pressinq etməyə başladıq. Hava başqa cür olsaydı, bəlkə də fərqli hesab ola bilərdi. Amma hər bir halda, “Qarabağ” çox yaxşı komandadır və yüksək səviyyəli futbolçuları var. Bununla hava şəraitinin bizə mane olduğunu demək istəmirəm. Sadəcə, dediyim odur ki, hava yaxşı olsaydı, yaxşı futbol olardı".
Serbiyalı legioner "ASK Arena"nın örtüyündən də şikayətlənib: "Bu, futbol meydanı deyil. Demək olar ki, ən pis meydanlardandır. Məgər bunu görmək olmur? Dərhal görünür. Biz hər gün burada məşq edirik. Bu, mənə ünvanlanacaq sual deyil. Biz işimizi görməyə çalışırıq".
Mitroviçin daha bir şikayəti oyun zamanı aldığı zədə ilə bağlı olub: "Ayağımda ağrılar var və olacaq. Amma nə etmək olar? Hər an zədə almaq qorxusu var".
Təcrübəli futbolçu "Keşlə"nin pis oynaması fikri ilə isə razılaşmayıb: "Neftçi” ilə oyunda pis oynamamışdıq, amma epizodlardan istifafə edə bilmədik deyə uduzduq. “Sumqayıt”la görüşdə qalib gəlsək də, işimizi çox çətinə salmışdıq. “Qəbələ”ylə də həmçinin. Növbəti turda "Sabah"la qarşılaşacağıq. Onların da yaxşı komandası var. Çox ağır oyun olacaq. Bizə də, onlara da xal lazımdır. Çox güman, maraqlı oyun keçəcək. Məncə, normal komandamız var və normal futbol oynayırıq. Daha yaxşı olacağını düşünürəm. Komandada maddi problem də yoxdur. Pulumuzu qəpiyinə kimi almışıq".