Xorvatiya milli komandasının və İtaliyanın "İnter" klubunun futbolçusu Marselo Brozoviç zədələnib.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi A Seriyasının XXVII turunda evdə "Spal"a 2:0 hesabı ilə qalib gəldikləri görüşün 42-ci dəqiqəsində sağ ayaq əzələsindən xəsarət alıb. Oyuna davam edə bilməyən Brozoviçi Antonio Kandreva əvəzləyib. Xorvatiyalı futbolçunun zədəsinin ciddilik dərəcəsinə tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Xorvatiya 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin oyununda Azərbaycanla martın 21-də Zaqrebdə, Macarıstanla isə martın 24-də Budapeştdə qarşılaşacaq.