
UEFA İngiltərənin "Arsenal" klubunun futbolçusu Aleksandr Lyakazettin cəzasını azaldıb.
Sportnet.az-ın məlumatına görə, fransalı hücumçunun diskvalifikasiyası 3 oyundan 2-yə endirilib. Beləliklə, 27 yaşlı forvard Fransa "Renn"i ilə Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə çıxış edə biləcək.
Lyakazett "Arsenal"ın Belarusda BATE-yə 0:1 hesabı ilə uduzduğu Avropa Liqasının ilk 1/16 final matçında rəqibi vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. UEFA İntizam Komitəsinin 3 oyunluq cəza qərarından London təmsilçisi apellyasiya verib. Avropa futbol qurumu "topçular"ın şikayətini qismən təmin edib. Lyakazett BATE ilə cavab görüşü və "Renn"lə ilk qarşılaşmada meydana çıxmayıb.
Qeyd edək ki, martın 14-də keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 24:00-da başlanacaq. İlk matçda "Renn" qalib gəlib - 3:1.