Azərbaycanı 2019/2020 avrokubok mövsümündə təmsil edəcək ilk futbol klubu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, “Qəbələ” komandasıdır. Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv AFFA-nın təşkil etdiyi Gənclər Liqasının XXII turunda “Qarabağ”ı 1:0 hesabı ilə üstələməklə, xalını 60-a çatdırıb və çempionluğu erkən təmin edib.
Əyalət təmsilçisi bununla da UEFA Gənclər Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, “Qəbələ”nin ən yaxın izləyicisi “Keşlə” evdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub etməklə, xalını 42-ə çatdırıb. Mövsümün başa çatmasına 6 tur qalmış paytaxt klubu ilə əyalət təmsilçisi arasında xal fərqi 18 olsa da, bakılılar şəxsi oyunlarda rəqibindən aşkar geri qalır (0:2, 0:3, 0:5).
---------------------------------------
Bu gün Azərbaycanda avrokuboka vəsiqə qazanacaq ilk komanda müəyyənləşə bilər.
Sportnet.az xəbər verir ki, bunun üçün Qəbələnin eyni adlı təmsilçisi AFFA-nın təşkil etdiyi Gənclər Liqasında çempionluğu erkən təmin etməlidir. Hazırda 57 xalla vahid lider olan “qırmızı-qaralar” XXII tur çərçivəsində “Qarabağ”ı qəbul edəcək. Famil Xəlilovun rəhbərlik etdiyi kollekiv saat 14:00-da Qəbələ şəhər stadionunun köməkçi meydançasında start götürəcək matçda qalib gələcəyi təqdirdə, çempion titulunu qoruyacaq və UEFA Gənclər Liqasına vəsiqə qazanacaq.
“Qəbələ” heç-heçə edəcəyi, hətta məğlub olacağı təqdirdə də qızıl medallara sahib çıxa bilər. Bunun üçün 39 xala malik ən yaxın izləyicisi “Keşlə”nin öz meydanında “Sumqayıt”la oyunda xal itirməsi lazımdır. Həm “qırmızı qaralar”, həm də bakılılar uduzsa və ya hər iki kollektiv heç-heçə etsə, mövsümün başa çatmasına 6 tur qalmış əyalət klubu paytaxt təmsilçisi ilə aradakı 18 xallıq fərqi qorumuş olacaq. “Qəbələ” ilk 3 dövrədə rəqibini səfərdə 2 və 3, evdə isə 5 cavabsız qolla məğlub etdiyindən, şəxsi görüşlərdə aşkar üstünlüyə malikdir. Bu isə erkən çempionluq üçün yol açır.
“Keşlə” məğlub olsa, “Qəbələ” bərabərə qalmaqla da ən yaxın izləyicisi üçün əlçatmaz olacaq.
Qeyd edək ki, “Qəbələ” çempion olsa, ardıcıl üçüncü dəfə Gənclər Liqasında çıxış edəcək. “Qırmızı-qaralar” 2016/2017 və 2017/2018 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Ancaq II raundda Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. (Report)
Gənclər Liqası, XXII tur
14:00. "Qəbələ" - "Qarabağ" - 1:0
Qəbələ şəhər stadionu, köməkçi meydança