"Rəqibimizin yalnız son oyunlarını izləmişəm. Çünki əvvəlki görüşlərin əhəmiyyəti yoxdur. Hər bir baş məşqçi öz fəlsəfəsini ortaya qoyur. İndi də yeni mütəxəssisdir. Necə oynayacaqlarını maraqla gözləyirik".
Sportnet.az-ın Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Azərbaycan millisi ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup matçından əvvəl "Maksimir" stadionundakı mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Həmkarınız və həmyerliniz Nikola Yurçeviç barədə hansı fikirdəsiniz?
- Açığı, başqa mütəxəssisin rəhbərlik etdiyi komandaya qarşı oynamaq daha yaxşı olardı. Çünki ondan heç nəyi gözləmək imkanımız yoxdur. Təcrübəli mütəxəssisdir, uzun illər Slaven Biliçin köməkçisi kimi çalışıb. Bu, böyük göstəricidir.
- Azərbaycan kimi rəqibə qarşı dünya ikincisinin hazırlanması nə qədər çətindir?
- İndi fərqli oyuna hazırlaşırıq. Topa daha çox nəzarət etməyi düşünürük. Ancaq əks-hücumlara köklənməyəcəyik. İlk oyunumuzdur və özümüzə heç bir stress hazırlamırıq.