“Qarabağ”ın hücumçusu Mahir Mədətov “Keşlə”yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra brifinq keçirib. 22 yaşlı hücumçu Sportnet.az-ın da suallarını cavablandırıb...
- Oyun necə keçdi?
- Çempionatın sonudur, oyundan-oyuna çətinləşir. Qarşıda kubok matçları da var. Məşqlərlə bərabər istirahətimizə də fikir verməliyik. Çünki sona yaxınlaşdıqca yorğunluq özünü göstərir.
- Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz? Rəqib komanda etiraz edirdi...
- Ayağıma zərbə var idi. Ola bilər ki, mən arxasından çıxdım, görmədi, amma təmas oldu. Düşünürəm ki, penalti idi.
- “Neftçi” ilə xal fərqi indi 5-ə yüksəlib. Sona isə 3 tur qalıb. Şansları necə dəyərləndirirsiniz?
- Mən həmişə öz komandama inanmışam. Bu fərqi sona qədər qoruyub saxlayacağımızı düşünürəm. Vicdanımızın təmiz olması üçün var gücümüzü qoyub sona qədər mübarizə aparmalıyıq.
- Axır vaxtlar tənqid olunursan, bununla bağlı nə deyə bilərsən?
- Tənqidlərə fikir vermirəm. Əvvəl təsir edirdi, sonradan isə çox izləmirəm, kim nə danışır, nə deyir? Mənə əsas məşqçilərimin fikri önəmlidir.
- Son oyunlarda sanki artım var...
- Hücum xəttində oynayırsansa, istər-istəməz top da itirəcəksən. Bunu Ronaldo da edir, Messi də. Çalışırsan ki, bir az kreativlik edəsən, bu da bəzən alınır, bəzən yox.
- Bəs səndə kreativlik necə alınır?
- Məncə, pis alınmır.
- Mövsümün sonunda Türkiyəyə gedəcəyiniz deyilir. Bu, nə dərəcədə real söhbətdir?
- Bəzi təkliflərin olduğunu mən də eşidirəm, amma həm məşqçilərimiz, həm də menecerlər heç nə demirlər. Heç mən də əlavə nəsə eşitmək istəmirəm. Bu barədə mayda danışarıq.
- AEK söhbəti realdır: Yunanıstan Super Liqasında çıxış edə bilərsən?
- Yunanıstan çempionatını izləmirəm, hansı səviyyədə olduğundan xəbərsizəm. Bəzi klublarının Avrokuboklardakı çıxışlarını görmüşəm. Amma dediyim kimi, hələ bu barədə düşünmürəm.
- Özün necə fikirləşirsən: Yayda artıq getmək vaxtıdır?
- Açığı, çox istərdim ki, legioner həyatı yaşayım, özümü göstərim, amma bu, mənim tək qərar verə biləcəyim məsələ deyil. Üzərimdə əziyyəti olan insanlar var. Xüsusilə də “Qarabağ”da Qurban Qurbanov başda olmaqla. Ona görə də onlarla məsləhət edəcəyəm.
- AEK-dən təklif gələndə Qurban Qurbanov sənə nə dedi?
- Həmin təklif gələndə “Neftçi” ilə oyuna 3 gün qalmışdı, ona görə də qəti şəkildə komandamda qalmaq istədim.
- “Keşlə”nin qapıçısı Şahin Zəkiyevlə toqquşmandan sonra onun burnu qırıldı və xəstəxanaya aparıldı. Zəkiyevə zəng etməyi düşünürsən?
- Tərlandan (Quliyev – red.) nömrəsini götürdüm, özündən də üzr istədim. İmkan tapıb xəstəxanada da ziyarət edəcəyəm.