Bu gün "Sumqayıt" və "Zirə" komandaları Azərbaycan Kubokunda ilk dəfə üz-üzə gələcəklər.
Sportnet.az-ın məlumatına görə, bu, iki kollektiv arasında ümumilikdə 17-ci duel olacaq. Çempionatdakı 16 görüşdə “Zirə” böyük üstünlüyə malikdir. 9 qələbəsi olan komanda 3 heç-heçə edib və 4 dəfə uduzub. 21 qol vurub 12-ni buraxan qəsəbə təmsilçisinin heyətində Aleksandr Dedovla Vüsal İsgəndərli daha çox - hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.
“Gənclik şəhəri” təmsilçisi ilə səfərdəki 8 qarşılaşmada 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan “Zirə” top fərqində minimal üstünlüyə sahibdir. 7 qol vuran komanda 6 top buraxıb. Komandalar cari mövsümdə 5-ci dəfə qarşılaşacaq. İlk oyunda uduzan “Zirə” sonrakı görüşlərdə ardıcıl üç qələbə qazanıb. 2019-cu ilə təsadüf edən iki görüşdə isə “Qartallar” qol da buraxmayıb.
“Sumqayıt”la matç “Zirə”nin Azərbaycan kubokunda 13-cü oyunu olacaq. Yarışda 5-ci mövsümünü keçirən “qartallar” indiyədək 7 qələbə qazanıb, 5 məğlubiyyət alıb. 15 qol vurub, 17-ni buraxan komanda indiyədək 7 rəqiblə görüşüb. “Sumqayıt” turnirdəki 8-ci rəqib olacaq. 8-ci rəqiblə səfər matçı rəqib meydanlarındakı 8-ci kubok sınağıdır. Əvvəlki 7 oyunda 4 qələbə və 3 məğlubiyyəti olan “Zirə” 9 top vurub, 12-ni buraxıb.
Qeyd edək ki, "Kapital Bank Arena"da keçiriləcək görüş saat 18:30-da başlanacaq.