“Hazırlıq prosesinin gedişindən razıyam. Hər şey yaxşı gedir. Yeni mövsümə plan üzrə hazırlaşırıq. Heyətimizdə gənc futbolçularımız var".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov komandanın şəhər stadionunda yeni mövsümə hazırlıq prosesini dəyərləndirərkən deyib. Gənc mütəxəssis bildirib ki, yeni transferlərin komandaya qoşulmasını gözləyirlər. Onun sözlərinə görə, futbolçuların həm toplu çalışmaları icra edirlər, həm də fiziki hazırlıq üzərində çalışırlar: "Bir gün 1, ertəsi 2 məşq ardıcıllığı ilə hazırlıqları davam etdiririk. Bu proqrama əsasən güc, sürət, ümumiyyətlə hər şey üzərində çalışırıq. İyulun 23-də ikitərəfli oyunumuz olacaq. Ayın 29-da “Zirə”ylə qarşılaşacağıq. Bu matçlara qədər planlaşdırdığımız müəyyən səviyyəyə çatacağıq. Ümumiyyətlə mərhələ-mərhələ inkişaf etmək fikrindəyik”.
Baş məşqçi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasına da toxunub. 39 yaşlı mütəxəssis ilkin mərhələnin “La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra) cütünün qalibi ilə Gürcüstan “Dinamo”su arasında I təsnifat mərhələsinin matçlarından sonra rəqibin müəyyənləşməsini gözləyir: “Tbilisi “Dinamo”su favorit kimi göstərilir. Gürcüstan təmsilçisi köklü komandadır. Bu rəqiblə əvvəl də qarşılaşmışıq, tanıyırıq. Çalışacağıq ki, oyunun keçiriləcəyi tarixə - iyulun 25-dək optimal formanı yığaq. Düzdür, həmin vaxta maksimum formamızı bərpa edə bilmərik. Lakin qarşılaşmaya optimal formada çıxmağa çalışacağıq. Cütün favoritinə gəlincə, hər iki klub adı iddialı səslənir. “Dinamo” yenicə Gürcüstan Kubokunun oyununda məğlub olub. Həmin görüşü izlədik. Analiz də edəcəyik. Onlar ilk mərhələni keçdikdən sonra rəqibimiz olacağı tam aydınlaşacaq. Bundan sonra komanda haqda məlumat toplayacağıq”.
Qeyd edək ki, "Qəbələ" ilk oyununu iyulun 15-də evdə, cavab görüşünü avqustun 1-də səfərdə keçirəcək.