"Qarabağ"ın futbolçusu Miçel Madeyra Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Kipr APOEL-inə uduzduqları (0:2) matçdan sonra jurnalistlərə müsahibə verib.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- “Qarabağ” məğlubiyyətinə nə səbəb oldu?
- Futboldur, bəzən alınmır. Hərdən gözlənilməz şəkildə uduza və ya qalib gələ bilərsən. İrəli baxmaq lazımdır.
- Komandada arxayınlıq var idi?
- Niyə gözlənilməz qələbə olsun ki? İlk oyunda biz, bu dəfə onlar qalib gəldi. Oyuna köklənmişdik. Alınmadı, nə edək?
- “Qarabağ” baxımlı futbol oynayan komandadır. Bu gün onu görmədik. Meydanda istədiyinizi niyə edə bilmirdiniz?
- Razıyam ki, istədiyimiz alınmadı. 3-4 qol şansımız oldu, onlardan yararlansaydıq, fərqli olacaqdı. Hətta “Barselona” və “Real Madrid”ın da uğursuz günləri olub. “Qarabağ” hər matçı yaxşı keçirmək məcburiyyətində deyil.
- APOEL-dəki baş məşqçi dəyişikliyi oyuna təsir etdi?
- Bizim qol vəziyyətlərimiz oldu, alınmadı, top qapıya girmədi. Penaltidən fərqləndilər. İkinci hissədə də bir zərbəyə bir qol buraxdıq. Yenə deyirəm, futboldur, dramatikləşdirməyə dəyməz.
- İlk oyundakı nəticəni gözlənilməz, bu nəticəni isə gözlənilən adlandırmaq olar? Kənardan belə görünürdü.
- Sizi alqışlamaq lazımdır ki, öncədən hər şeyi görürsünüz. Təkrar edirəm ki, bizdə alınmadı.