“Qarabağ” avrokubokda növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu “Linfild”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə Azərbaycan çempionu qalib gəlib - 2:1.
Baş məşqçi Qurban Qurbanov qapını Vaqner da Silvaya, müdafiəni isə soldan sağa olmaqla Ailton Silva, Rahil Məmmədov, Rəşad Sadıqov və Maksim Medvedevdən ibarət "dördlüy"ə həvalə edib. Miçel Madeyra dayaq yarımmüdafiəçisi, Riçard Almeyda isə pleymeyker funksiyasını yerinə yetirib. Yarımmüdafiənin sağında Mahir Emreli, solunda Abdullah Zubir qərarlaşıb. Mərkəzdə Xayme Romero, öndə isə Maqaye Qeye yer alıb. Oyunda hesabı 6-cı dəqiqədə Romero açıb. O, Maqaye ilə divar ötürməsindən sonra fərqlənib. "Qarabağ" erkən qoldan sonra da topa nəzarəti əlində saxlamağa davam edib. Rəqibin meydanın mərkəzini keçməyə çətinlik çəkməsinin fonunda ağdamlılar daha çox cinahlardan hücum ediblər.
Lakin əsas təhlükəli zərbə ortadan - təxminən 25 metrlik məsafədən Miçeldə gəlib. Rəqib qapıçı Roan Ferqyuson topu çətinliklə dəf edib. İlk yarıda "Linfild"in nadir hücumlarından birində Bastyan Erinin təhlükəli zərbəsini Vanqer tutub. Rəqibin cərimə zərbəsindən vurduğu top da azarkeşləri həyəcanlandırsa da, yandan keçib. "Qarabağ" ikinci hissədə də diqtə edən tərəf olub. 60-cı dəqiqədə Qeyeyə qarşı kobudluğa görə cərimə meydançasının üzərində təyin edilən cərimə zərbəsini Sadıqov yerinə yetirib. Kapitanın zərbəsi dirəyə tuş gəlib. 70-ci dəqiqədə isə rəqib qolkiper Zubirin fərqlənməsinə mane olub. Bir qədər sonra isə Romeronun zərbəsini "Linfild" oyunçusu qapı xəttindən çıxarıb. Ardınca Məmmədov baş zərbəsi qapının üstündən keçib. Bundan bir qədər sonra rəqibin əks-hücumu təhlükəli alınsa da, Vaqner çıxışda dəqiq oynayaraq topu ələ keçirib. Qurbanov ilk əvəzetməni 84-cü dəqiqədə edib. O, mərkəz hücumçusu Qeyenin yerinə meydana dayaq yarımmüdafiəçisi Qara Qarayevi buraxıb və bu dəyişiklik özünü doğruldub.
Məhz Qarayevin əla ötürməsindən sonra 88-ci dəqiqədə rəqib qapıçı ilə təkbətək qalan Zubir onu da aldadaraq hər kəsi rahatladacaq qola imza atıb. Qoldan sonra Zubiri Araz Abdullayev, Miçeli isə Dani Kintana əvəzləyib. Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədə Şeyn Leyveri qoyub - 2:1. Beləliklə, Belfastda baş tutan ilk görüşdə 2:3 hesabı ilə uduzan "Qarabağ" cavab görüşündə sərfəli nəticəni təmin etməklə ardıcıl 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi indiyədək Avropa Liqasında 4, Çempionlar Liqasında isə 1 dəfə anoloji uğura imza atıb..
------------------------
“Qarabağ” bu gün avrokubokda növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu “Linfild”i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. Görüşdə hesabı 15-ci dəqiqədə “Qarabağ”ın yeni transferi Faysal Rerras açsa da, rəqibin heyətində 40-cı dəqiqədə Mark Stafford fərqlənib. Şeyn Leyveri isə 45+1-ci və 75-ci dəqiqələrdə daha 2 qol vurub. Oyunda son nöqtəni isə ağdamlıların digər yeni futbolçusu Maqaye Qeye qoyub. Forvard penaltini “Panenka” zərbəsi ilə qola çevirib.
İlk matçı cəza üzündən buraxan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda sıraya dönüb. Həmçinin sol cinah müdafiəçisi Ailton Silva və dayaq yarımmüdafiəçisi Simeon Slavçev meydana çıxmağa tam hazırdırlar. Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin zədəsi isə davam edir.
“Qarabağ” ilk görüşdə uduzsa da, səfərdə vurulan 2 qolu üstünlük saymaq olar. Ağdam təmsilçisi 1:0 və 2:1 hesablı qalibiyyətlərlə yoluna davam edə bilər. Bu baş verərsə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ardıcıl 6-cı dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanmış olacaq. “Köhlən atlar” indiyədək 1 dəfə Çempionlar Liqasının, 4 dəfə isə Avropa Liqasının qrupunda yer alıb.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya) - 2:1
Qollar: Xayme Romero, 6. Abdullah Zubir, 88 - Şeyn Laveri, 90+3
Baş hakim: Sergey İvanov
Yan xətt hakimləri: Roman Usaçov və Valeri Dançenko
Dördüncü hakim: Sergey Lapoçkin (hakimlər briqadası Rusiyadandır)
Hakim-inspektor: Alen Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu