Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin ikinci matçında "Zirə" "Sabah"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesabı qonaqlar açıb. Qarşılaşmanın 35-ci dəqiqəsində Amadu Diallonun zərbəsindən sonra top rəqib müdafiəçi Miloş Bakraça dəyərək istiqamətini dəyişib və qapıdan keçib. Meydan sahibləri ikinci hissənin əvvəlində hesabı bərabərləşdirmək üçün əla fürsət əldə ediblər. Lakin kapitan Cavid Hüseynovun penaltidən vurduğu topu Saşa Stamenkoviç tutub.
Buna rəğmən, fasilədən sonra daha üstün sərgiləyən "Zirə" rəqib qapısına yol tapmağı bacarıb. 88-ci dəqiqədə Soni Norde yekun nəticəni müəyyənləşdirən qola imza atıb - 1:1.
Qeyd edək ki, turun açılış matçında "Keşlə" səfərdə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəlib. III tura sentyabrın 1-də keçiriləcək "Səbail" - "Qarabağ" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
-------------------------------
Azərbaycan Premyer Liqasında III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda ölkə kubokunun qalibi "Qəbələ" ötən mövsümü son pillədə bitirmiş "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.
Hesabı artıq 10-cu dəqiqədə "Keşlə"nin kapitanı Slavik Alxasov açıb. 39-cu dəqiqədə Tural Bayramlı fərqi artırıb. 45+1-ci və 90+1-ci dəqiqələrdə isə yeni transfer Lorenzo Frutos "dubl" edərək yekun nəticəni müəyyənləşdirib.
Bununla da ardıcıl ikinci səfər qələbəsinə imza atan "Keşlə" 6 xalla "Səbail" və "Qarabağ"ın liderliyinə şərik olub. Dalbadal 3-cü "quru" məğlubiyyətlə üzləşən xalsız "Qəbələ" isə sonuncu pillədə qalıb.
------------
Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Açılış matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Keşlə"ni qəbul edəcək.
İlk iki turdan sonra paytaxt təmsilçisinin 3 xalı varsa, əyayət klubu xalsızdır. Komandalar çempionatda yubiley - 45-ci matçlarını keçirəcək. Əvvəlki 44 oyunun 13-də "Qəbələ", 14-də isə "Keşlə" meydanı 3 xalla tərk edib. 17 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində də "Keşlə" üstündür - 54:45. Paytaxt klubu rəqibinə qarşı son 15 oyunda qələbə qazana bilməyib. Bu duellərdə vurulacaq növbəti qol 100-cü olacaq.
Günün digər qarşılaşmasında "Zirə" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri iki turdan sonra 3, "Sabah" isə 1 xal qazana bilib. Komandalar Premyer Liqada yalnız ötən mövsüm qarşılaşıblar. 4 matçdan 3-də "Sabah", 1-də isə "Zirə" qələbə qazana bilib. Qonaqlar hər iki səfər matçında eyni – 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, III turun "Neftçi" - "Sumqayıt" və "Səbail" - "Qarabağ" matçları sentyabrın 1-də keçiriləcək.
Azərbaycan Premyer Liqası, III tur
31 avqust (şənbə)
18:30. “Qəbələ” – “Keşlə” - 0:4
Qollar: Slavik Alxasov, 10. Tural Bayramlı, 39. Lorenzo Frutos, 45+1; 90+1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu
20:30. “Zirə” – “Sabah” - 1:1
Qollar: Soni Norde, 88 - Amadu Diallo, 35
Qolla nəticələnməyən penalti: Cavid Hüseynov, 48 ("Qəbələ")
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu