
"Zirəyə qələbə dalınca gəlmişdik. İlk hissədə 3 xal qazandıq, fasilədən sonra bunu itirdik. Bu, öz səhvimizdən oldu, ikinci 45 dəqiqədə arxaya çox oturduq. İstər-istəməz rəqib də 1-5 hücum etmir, 50-60 hücum edir. Əlbəttə, bunun axırında biri qol olmalı idi və səhvimizdən qaynaqlanan qol oldu. Təəssüf edirik. 3 xal əlimizdən son dəqiqələrdə getdi. Növbəti matça hazırlaşmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasıın futbolçusu Coşqun Diniyev Azərbaycan Premyer Liqasının III turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra keçirdiyi brifinqdə deyib. Diniyev digər sualları da cavablandırıb...
- İkinci hissədə tam müdafıəyə çəkilməyiniz baş məşqçinin tapşırığı idi, yoxsa qol buraxmamaq istəyindən irəli gəlirdi?
- Yox, baş məşqçimizin belə bir xüsusi tapşırığı yox idi. "Keşlə"yə evdə istəmədiyimiz halda məğlub olduq. Bundan sonra istəyirdik ki, 3 xal qazanaq. 1 xal bizi qane etmirdi. Buna görə hesabda üstünlük qazanandan sonra böyük qüvvə ilə müdafiəyə çəkildik. Hesabda 1:0 irəlidə olan komanda ehtiyatlı olmalı, belə fikirləşirəm ki, hesabı qorumağa oynamalıdır. Bunun üçün arxaya "oturduq". Rəqib də ikinci hissədə təzyiqini artırdı. Bəzi oyunçu dəyişiklikləri etdilər, hücumda çoxaldılar. Buna görə bizi məcburən müdafiəyə "oturtdular". 3 xalı qorumağa çalışırdıq, əldən çıxdı.
- "Sabah"ın oyununda çatışmazlıq, əsasən xətlər arasında əlaqədə görünür. Artıq 3 tur keçib, hələ də qeyri-sabitlik var. Bunu nə ilə izah edərdiniz?
- Deməzdim ki, komandada xətlər arasında əlaqədə və anlaşmada böyük problem var. Heyətimizin 90 faizi gənclərdən ibarətdir. Bir neçə legionerimiz var, qalanı Azərbaycanda üzdə olan gənc futbolçulardır. İstəyirik ki, özümüzü sübut edək. "Sabah" bu mövsüm qarşısına məqsədlər qoyub. Buna görə də bir az həyəcan, anlaşılmazlıq olur. Hesabda irəli çıxdığımız görüşdə o həyəcan bizə təzyiq edir ki, yekunda 3 xalı saxlamırıq. Buna görə də istədiyimiz oyun alınmır. Fikrimcə, ilk 45 dəqiqədə daha yaxşı futbol oynadıq.
- Legionerləriniz komandaya uyğunlaşıb, yoxsa hələ vaxt lazımdır?
- Bunu baş məşqçidən soruşmağınız daha məqsədəuyğundur. Şəxsi fikrim belədir ki, onlara bir az vaxt lazımdır.
- Növbəti turda "Qəbələ" ilə görüşəcəksiniz. Rəqibiniz bu turda evdə 0:4 hesabı ilə uduzub və baş məşqçisi istefa verib. "Qəbələ"nin ağır vəziyyətdə olması işinizi aslanlaşdırır?
- "Qəbələ" hər 3 matçında uduzub. Ancaq bu komandada potensial var ki, düşdüyü vəziyyətdən çıxmağı bacaracaqlar. Baş məşqçi dəyişikliyi varsa, futbolçular yenisinə özlərini sübut etməyə çalışacaqlar. Orada futbol üçün hər bir şərait var - məşq meydanlarından tutmuş qaldıqları otellərə qədər. "Qəbələ" futbolçuları məhz bizimlə matçda dönüş nöqtəti yaratmaq istəyəcəklər. Arada fasilə olacaq və biz də arxada qalan oyunlardakı səhvlərdən çıxardığımız nəticəylə rəqibə yaxşı hazırlaşacağıq.
- Vaxtilə milli komandada oynadığınız halda, indi dəvətlilər sırasında deyilsiniz....
- Hər bir futbolçu milli komandada olmaq istəyər. Lakin bu, baş məşqçinin öz heyətidir. Özü lazım bildiyi futbolçulara dəvət göndərib. Mənə heç nə demək qalmır. Onlara uğurlar arzulayıram.
- Bir futbolçu kimi bu gün özünüzü milli komandaya hazır hesab edirsiniz?
- Bu gündən götürsək, hər bir oyunla milli komandanın üzvü olmağa layiq bilib-bilməmək ölçülmür. Bu gün ola bilər ki, sənin günün olsun, sabah isə yox. Milliyə dəvət alsam, ora özümü hazırlayacaq şəkildə meydanda can qoymağa çalışaram. Çağırsalar, mənim üçün başucalığıdır. Millidə oynamaq böyük şərəfdir. Çağımırlarsa, nə deyək? Allah canlarını sağ eləsin.