"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniya "Sevilya"sını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Sevilya"nın heyətində Xavyer Ernandes 62-ci dəqiqədə hesabı açıb. “Çiçarito” ləqəbli meksikalı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 78-ci dəqiqədə isə Munir qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb. 85-ci dəqiqədə isə Oliver Torres fərqi daha da artırıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.
-----------------------
Qarabağ” bu gün UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Ağdam klubu I tur çərçivəsində İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.
Çempionlar Liqasının qrupuna düşməyi bacaran ilk və hələlik yeganə Azərbaycan təmsilçisi olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollekiv Avropa Liqasında eyni uğura 5 dəfə imza atıb. Lakin “köhlən atlar” indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.
“Sevilya” isə turnirin rekordçusudur. Andalusiyalılar 6-cı dəfə Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) - 0:3
Qollar: Xavyer Ernandes, 62. Munir, 78. Oliver Torres, 85
Baş hakim: Yevqeni Aranovski
Yan xətt hakimləri: Syomen Şlonçak və İqor Alyoxin
Dördüncü hakim: Yaroslav Kozık (hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu