FIFA İngiltərə "Liverpul"unun və Misir millisinin futbolçusu Məhəmməd Salahın ilin ən yaxşı futbolçusu nominasiyasındakı səslərinin nəzərə alınmamasını izah edib.
Sportnet.az "AP"yə istinadən xəbər verir ki, ali futbol qurumu Misir tərəfinin şikayətinə münasibət bildirib.
"İmzalar böyük hərflərlə yazılıb, bu səbəbdən, etibarsız sayılıb. Digər tərəfdən, vərəqələrdə federasiyanın baş katibinin imzası yox idi" - deyə vurğulanıb.
Bundan əlavə, FIFA Misir Futbol Federasiyasından səslərin təsdiqlənməsini istədiklərini və düzgün doldurulmuş formaların avqustun 19-dək təqdim oluna biləcəyini iki dəfə xatırlatdığını bildirib.
Qeyd edək ki, Lionel Messi ilin ən yaxşı futbolçusu nominasiyasında Vircil van Deyk və Kriştianu Ronaldunu qabaqlayıb.
Daha öncə Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç və Nikaraqua yığmasının kapitanı Xuan Barrera Messiyə səs vermədiklərini iddia ediblər.