
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sevilya" komandası İspaniya La Liqasında növbəti məğlubiyyətə düçar olub.
Sportnet.az xəbər verir ki, Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv VI turda "Eybar"a səfərdə uduzub - 2:3.
Andalusiya komandası 11-ci dəqiqədə Lukas Okampos və 33-cü dəqiqədə Oliver Torresin qolları ilə ilk yarını öndə tamamlayıb. Lakin fasilədən sonra meydan sahibləri oyunda dönüş edə biliblər.
Bu nəticədən sonra "Sevilya" 10 xalla 7-ci, "Eybar" 5 xalla 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasındakı ilk tur qarşılaşmasında "Sevilya"ya Bakıda böyük hesabla uduzub - 0:3. Ardından Andalusiya komandası öz meydanında "Real Madrid"ə 0:1 hesabı ilə məğlub olub.