Futbol üzrə Azərbaycan I Divizionunda keçirilmiş V turun iki oyununda xərək daşıyan uşaqların yaşları əsasnaməyə uyğun olmayıb.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı AFFA İntizam Komitəsi tədbir görüb. "Neftçi-2" - "Sabah-2" və "Qaradağ Lökbatan" - "Qarabağ-2" matçlarında 18 yaşdan aşağı xərək daşıyanlardan istifadə olunub. Bu səbəbdən, meydan sahibi olan klublar hərəyə 80 manat cərimələnib.
Bundan başqa "Turan Tovuz”la qarşılaşmada intizam pozuntusuna yol verən MOİK-ə və futbolçularına qarşı cəzalar kəsilib. 85-ci dəqiqədə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Raul Yaqubzadə 2 oyun diskvalifikasiyaya, klub 160 manat cəriməyə məruz qalıb.
90+5-ci dəqiqədə komandanın daha bir futbolçusu Ümid Şükürlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
MOİK oyunun video-yazılışını aparmadığına və matçın protokolunu vaxtında tərtib etmədiyinə görə isə üst-üstə 160 manat cərimələnib.