
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda A qrupunun III turunda Kipr APOEL-ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. Azərbaycan çempionu qolu da erkən vurub. Komandanın heyətində Dani Kintana 13-cü dəqiqədə Miçelin ötürməsindən sonra fərqlənib. Bu qoldan sonra da "Qarabağ"ın hücumlarını davam etdirib. 24-cü dəqiqədə Maksim Medvedevin zərbəsini qapıçı Vid Belets dəf edib.
29-cu dəqiqədə isə rəqib hesabı bərabərləşdirə bilib. APOEL-in kapitanı Nikolas Yannu cərimə zərbəsindən sonra başla topu qapıdan keçirib. Birinci hissənin sonlarında qonaq komanda ikinci qolu vurub. 45+1-ci dəqiqədə Linus Hallenius "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun səhvindən yararlanıb.
"Qarabağ" ikinci hissədə məğlubiyyətdən qurtulmağı bacarıb. 58-ci dəqiqədə Ailton Silva Dani Kintananın qapı qarşısına asmasından sonra müdafiəçilərindən yüksəyə tullanaraq, başla topu tora göndərib.
Bu nəticədən sonra "Qarabağ" xallarını 4-ə çatdıraraq, A qrupunda 2-ci pillənin şəriksiz sahibinə çevrilib. APOEL isə ilk xalını qazansa da, sonuncu pillədə qalıb.
Qeyd edək ki, komandalar qrup mərhələsinin IV turunda Kiprdə qarşılaşacaqlar. Matç noyabrın 7-də Nikosiyada olacaq.
--------------------------
“Qarabağ” bu gün UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:55-də start götürəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda “Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.
Bu komandalar cari avrokubok mövsümündə 3-cü dəfə qarşılaşacaqlar. Nikosiyalılar Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ağdamlıları mübarizədən kənarlaşdıra biliblər. Azərbaycan çempionu səfərdə 54-cü dəqiqədə Mahir Emrelinin, 69-cu dəqiqədə isə Maqaye Qeyenin qolları ilə önə keçib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Giorqos Merkis qoyub - 2:1. Bundan sonra Tomas Doll APOEL-in baş məşqçisi postunda Paolo Tramezzanini əvəzləyib. Almaniyalı mütəxəssis Bakıdakı debüt qarşılaşmasında 2:0 hesablı qələbəyə sevinərək, mərhələ adlayıb. Qonaqların heyətində 34-cü dəqiqədə Tomas De Vinsenti penaltidən fərqlənib. İkinci qolu isə 68-ci dəqiqədə Uroş Matiç vurub. Ona görə də “Qarabağ” indi revanşa ümid edir.
“Qarabağ” avrokubokların qrup mərhələsindəki son 8 ev oyunundan 7-də uduzub, yalnız ilk dəfə vəsiqə qazandığı ÇL-in qrupunda İspaniya “Atletiko”su ilə Bakıda qolsuz heç-heçə edib. Komanda ötən mövsüm AL-də bütün ev oyunlarından məyus ayrılıb. Üstəlik, Portuqaliya “Sportinq”i ilə görüşdə avrokuboklarda ən böyük hesablı ev məğlubiyyətini alıb - 1:6. Lissabonlularla matçda son 4 ev oyununda yeganə qol vurulub.
Cari avrokubok mövsümündə ÇL-in II raundunda Monteneqronun “Sutyeska” komandasını mübarizədən kənarlaşdıran APOEL (1:0, 3:0), ardınca “Qarabağ”dan güclü olub. Pley-off mərhələsində Hollandiya “Ayaks”ını keçə bilməyən (0:0, 0:2) Kipr klubu AL-in qrupuna düşüb.
“Qarabağ”ın heyətində cəzalı oyunçu yoxdur. Qurbanov matçdan əvvəl təşkil edilən mətbuat konfransında bildirib ki, zədələrini sağaldan Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların “18-lik”də olmaq ehtimalları çoxdur. İntizamsızlığa görə cəzalanan Araz Abdullayevin də meydana çıxmaq ehtimalı böyükdür. APOEL-də isə Tomas De Vinsenti zədə üzündən Bakıya gətirilməyib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, III tur
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2
Qollar: Dani Kintana, 13. Aylton, 58 - Nikolas Yannu, 29. Linus Hallenius, 45+1
Baş hakim: Filip Qlovaya
Yan xətt hakimləri: Frantişek Ferents və Yan Pozor
Dördüncü hakim: Peter Zimba (hakimlər briqadası Slovakiyadandır)
Hakim-inspektor: Mixalis Kukulakis (Yunanıstan)
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu