"Neftçi” klubu daha bir layihəyə başlayıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda dəstək xarakterli "Sevindirdiyiniz Qədər Sevin” layihəsinə start verib.
Layihə çərçivəsində baş məşqçi Roberto Bordin və futbolçular – Emin Mahmudov, Rəhman Hacıyev, Mamadu Mboc, Anton Krivotsyuk və Ömər Buludov Talassemiya Mərkəzində olublar. Onlar talassemiya xəstəliyindən müalicə olunan uşaqlara baş çəkib, söhbət ediblər. Uşaqlara müxtəlif hədiyyələr verilib.
Qeyd edək ki, Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı və bu xəstəlikdən əziyyət çəkən minlərlə insan var. Ölkədə bu problemlə məşğul olan Talassemiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib və fəaliyyət göstərir.