
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın futbolçu Henrix Mxitaryanın İngiltərə "Arsenal"ında çıxış etdiyi vaxt Bakıdakı Avropa Liqasının finalına buraxılmadığına dair iddialarına reaksiya verib. Sportnet.az-ın məlumatına görə, XİN-ın Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Paşinyanın İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsini növbəti populist açıqlama kimi qiymətləndirib.
O bildirib ki, baş nazir müsahibəsində “ermənifobiya” fenominindən danışaraq həqiqətlə heç bir əlaqəsi olmayan və yalan nümunələr sadalayır: "O, Avropa Liqasının Bakıda keçirilmiş final oyununda guya ki, Mxitaryanın erməni olduğu üçün iştirak edə bilmədiyini söyləyir. Xatırlatmaq istərdik ki, Azərbaycan tərəfindən bu il mayın 29-da UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda iştirak edən bütün oyunçuların, o cümlədən "Arsenal"ın futbolçusu Mxitaryanın, eləcə də bütün azarkeşlərin təhlükəsizliyinin tam təmin olunacağı barədə məlumat verilib. Belə bir zəmanət verildiyi halda Mxitaryan finalda şəxsi qərarı əsasında iştirak etmədi".
XİN sözçüsü onu da qeyd edib ki, erməni əsilli idmançılar bu günədək Azərbaycanda keçirilmiş çoxsaylı idman yarışlarına qatılıblar: "Hətta dövlət başçısı "Bakı 2015" I Avropa Oyunları vaxtı erməni mənşəli boksçunu şəxsən özü mükafatlandırıb".
Qeyd edək ki, Avropa Liqasının finalında "Arsenal" "Çelsi"yə 1:4 hesabı ilə uduzub.