Portuqaliya yığmasının həkimləri, komandanın hücumçusu
Kriştianu Ronaldoda zədə aşkar ediblər. Sportnet.az-ın "Marca"ya
istinadən yaydığı məlumata görə, Madrid "Real"ının futbolçusunun sol
ayağının vətərinin iltihabı müşahidə olunub.
Bu, mayın 29-dan milli komandanın düşərgəsində olan qoleadorun zədəsi ilə bağlı ilk bəyanatdır. Bununla bağlı "Real" da indiyədək heç bir açıqlama verməmişdi. Həm "Kral klubu"nda, həm də Portuqaliya yığmasında Ronaldonun əzələ problemi barədə məlumatlar verilsə də, vətər iltihabı ilə bağlı heç bir söz deyilməmişdi.
Artıq Madrid təmsilçisi narahatlığını büruzə verib. Belə ki,
Kriştianu yığmasının ilk oyununda meydana çıxmaq əzmindədir və "Kral klubu"
bunun futbolçuya baha başa gələcəyindən ehtiyatlanır.