“Komandamın sərgilədiyi oyun məni sevindirdi. Məğlubiyyət üzücü olsa da, hesaba o qədər də önəm verməmək lazımdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Rusiyanın "Arsenal" (Tula) komandasına 1:2 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışarkən deyib. 49 yaşlı mütəxəssis bildirib ki, Almaniya "Zvikkau"suna 1:4 hesabı ilə yenildikləri ilk qarşılaşma ilə müqayisədə bu gün daha hərəkətli hərəkətli təsir bağışlayıblar: "Uduzmağımıza baxmayaraq, futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm. İkinci hissənin gedişində əsas heyətin çox hissəsini dəyişdik və bu, tempin azalmasına gətirib çıxardı. Lakin hazırlıq matçında belə halları normal qarşılamaq lazımdır".
Əhmədovun fikrincə, İndiki mərhələdə əsas məqsəd komandanın oyununu təkmilləşdirməkdir: "Mövsümün ikinci yarısının ilk matçına qədər buraxdığımız səhvlər üzərində çalışmalı və onları aradan qaldırmalıyıq. İki gün sonra Slovakiyanın “Zemplin” komandasına qarşı matçımız var və inanıram ki, daha nizamlı, sürətli və diqqətli oynayacağıq”.