"Barselona"nın futbolçusu Jerar Pike İspaniya Kubokunun 1/4 final mərhələsində "Atletik"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra komandanın kapitanı Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasındakı münaqişəyə münasibətini açıqlayıb.
Sportnet.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, İspaniya millisinin üzvü hər iki şəxsin öz məsuliyyətini dərk etdiyini söyləyib. "İndi hər klubdakı çirkli qabları ortaya çıxarmağın vaxtı deyil. Deyə bilərəm ki, oyunumuzdan və sınaqlara reaksiya verməyimizdən məmnunuq. Müsbət emosiyalarımız oldu. Messi və Abidal arasında münaqişəyə gəldikdə, düşünürəm ki, onların hər ikisi nəyi düz, nəyi səhv etdiklərini yaxşı bilir. Biz işləməli, mövsümün sonunda hər şeyi bir-birimizin üzünə vurmamalıyıq. Çünki bunun heç kimə faydası olmayacaq. Oyunumuza diqqət yetirməli və qələbə qazanmalıyıq", - deyə o bildirib.
Qeyd edək ki, Erik Abidal Ernesto Valverdenin istefaya göndərilməsi haqda danışarkən futbolçuların sabiq baş məşqçinin rəhbərliyi altında oyunlar zamanı bütün güclərini ortaya qoymadıqlarıını iddia edib. Messi isə klub rəsmisindən həmin oyunçuların adlarını çəkməsini istəyib.