"Qəbələ”nin
Topaz Premyer Liqasında keçirdiyi son iki oyun Bəxtiyar Soltanovun ilkləri ilə
əlamətdar olub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən
məlumatına görə, komandaya
bir müddət əvvəl cəlb olunan 25 yaşlı futbolçu XII turun AZAL-la (3:3) oyununda
"qırmızı-qaralar”ın heyətində ilk oyununu keçirib, növbəti turun "Simurq”la
(2:3) ev oyununda isə qol hesabını açıb.
Klub tarixinə 179-cu futbolçu və qol sevinci yaşayan 91-ci oyunçu kimi düşən
Soltanov açıqlamasında bildirib ki, bunda uyğunlaşma ilə bağlı problemin
olmaması rol oynayıb: "Komandaya yeni keçsəm də, uyğunlaşmaqda ciddi problem
görmürəm. Çünki yerli
futbolçuların çoxunu tanıyırdım. Ümumiyyətlə isə uyğunlaşma gedir və qarşıdakı
matçlarda daha yaxşı oynayacağam. Düzdür, ilk oyunda debüt edib, növbətidə qol
hesabımı açmışam. Amma yenə oyunum haqda yaxşı deyə bilmərəm. Çünki komanda
qalib gəlməyib. Əsas da budur. Həm də potensialım daha artığına çatar. Bunu da
qarşıdakı oyunlarda nümayiş etdirməyə çalışacağam”.
Soltanov XIV turun "Neftçi” ilə qarşılaşması haqda da fikirlərini bildirib: "Bizi qarşıda "Neftçi” ilə oyun gözləyir. Bilirik ki, qarşılaşma çox çətin olacaq. Paytaxt təmsilçisi güclü komandadır. Lakin biz bu oyuna qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Bizim üçün qələbə uğursuzluq zolağından çıxmaq üçün vacibdir. Səfərdə oynayacağımıza baxmayaraq qələbə əldə etməliyik. Mən də çalışacağam ki, "Qəbələ”də növbəti qolumu vurum, qələbədə pay sahibi olum”.