"Sumqayıt" klubunun futbolçusu Peyman Babayinin Sportnet.az-a müsahibəsi...
- Ardıcıl iki oyunda uduzduqdan sonra "Keşlə" ilə matçda qələbə qazana bilmədiniz. Qarşılaşmanı necə dəyərləndirərdiniz?
- Bizi çox çətin oyunun gözlədiyini bilirdik. Ona görə də yaxşı hazırlıq keçərək, "Keşlə"nin ən zəif cəhətlərini ciddi analiz etmişdik. İki oyundur xal qazana bilmirdik. Bu səbəbdən, yaxşı oynayaraq, nəyimiz varsa, ortaya qoymaq və meydanı xalla tərk etmək istəyirdik. Məncə, oyuna yaxşı başladıq və erkən qol vurduq. İlk yarıda əlavə bir neçə imkanımız da oldu. Amma alınmadı. Əvəzində buraxdığımız səhv üzündən qapımızda qol gördük. Fikrimcə, hər iki komanda çox yaxşı oyun sərgilədi. Temp də normal idi.
- Qələbə qazanmağınız mümkün idi?
- Əlbəttə, 3 xal götürə bilərdik. Bizim də, rəqibin də daha çox qol epizodu oldu. Sonuncu dəqiqədə qol buraxaraq, uduza da bilərdik. Hər halda, 1 xal əldə etdik, 3 xal qazanmaq isə qismət olmadı. Bu xal bizə lazım idi.
- "Keşlə" ilə görüşdə də qələbə qazana bilmədikdən sonra 3-cü yer şansınızı itirdiyinizi və 4-cü yeri də əldən vermə təhlükəsi ilə üzləşdiyinizi demək olarmı?
- Məncə, belə demək olmaz. Bəzi oyunlarda xal götürə bilərdik. Hələ heç nə bitməyib. Futbolda hər şey mümkündür. Əsas məsələ odur ki, əvvəlki oyunlarımızdan dərs çıxaraq və təcrübə qazanaq. Gələcək oyunlarımızdan xallar götürməklə, turnir cədvəlində mövqeyimizi möhkəmlədə bilərik. "Keşlə" ilə matçda udub-uduzmayacağımızı öncədən deməmişdik. Amma ilk dəqiqələrdən fikrimiz 3 xal idi. Qismət olmadı. Gələcəkdə daha yaxşı oyunla xallar qazanmağa çalışacağıq.
- Vurduğunuz qolla yenidən bombardirlər sırasına düşdünüz. Çempionatı ən məhsuldar oyunçu kimi başa vurma şanslarınızı necə dəyərləndirirsiniz?
- Çox sevinirəm ki, ayağım yenidən açıldı. Amma bombardirlik üçün hələ tezdir. Hələ qarşıda 9 oyunumuz var. Komanda yoldaşlarıma mənə etdikləri köməyə görə təşəkkürümü bildirirəm. Mən hücumçuyam. Komandamızın qalan 10 oyunçusunun ötürməsindən sonra top ayağımızdan qapıya gedir. Gələcəkdə komandamız da yaxşı çıxış etməklə, mənim də imkanlardan istifadə etməyimə fürsətlər yaradar. Çalışacağıq ki, gələcəkdə zəif və güclü tərəflərimiz üzərində işləyək, daha yaxşı oyun ortaya qoyaq. Hədəfim hər oyunumu yaxşı səviyyədə keçirməkdir.
- Bəs Azərbaycan millisinə dəvət gözləyirsiniz?
- Hazırda belə söhbətlər yoxdur və eşitməmişəm. Hədəfim yaxşı formada olmaq və "Sumqayıt"ın heyətində yaxşı oyun sərgiləməkdir. Gələcəkdə nə baş verəcəksə, xeyirli olsun.